Sorğu: Bu il neft 50% bahalaşacaq

Sorğu: Bu il neft 50% bahalaşacaq İlin ikinci yarısında dünyada neftə tələb artacaq
Maliyyə
3 Fevral , 2016 11:06
Sorğu: Bu il neft 50% bahalaşacaq

Bakı. 3 fevral. REPORT.AZ/ "Bloomberg" agentliyinin iqtisadçılar arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, neftin qiymətinin 2016-cı ilin sonuna qədər 50% artacağı gözlənilir. "Report"un "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, analitiklərin fikrincə, neft qiymətləri ilin sonuna qədər 15 dollar/barel arta bilər. Sorğuya qatılan 17 iqtisadçının proqnozlarına əsasən,  WTI markalı neft ilin sonuna 46 dollar/barelə, "Brent" isə 48 dollar/barelə çata bilər.

"Goldman Sachs" bankından verilən xəbərə görə, bazarda təklifin artması səbəbindən neftin qiymətinin son 12 ilin ən aşağı səviyyəsinə düşməsi ABŞ-da neft sənayesinə investisiyaların, bu ölkədə şist neft hasilatının azalmasına və qlobal neft bazarında kəsirin yaranmasına gətirib çıxarıb. Bu amillər isə öz növbəsində qiymətlərin artmasını stimullaşdırır.

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) xəbərinə görə, bu ölkədə gündəlik hasilat 2016-cı ilin son rübündə 620 min barel və ya 7% azalacaq. Digər tərəfdən Beynəlxalq Enerji Agentliyi (IEA), OPEC üzvü olmayan ölkələrdə neft hasilatının 2016-cı ildə gündəlik 600 min barel azalacağını proqnozlaşdırır. Nəticədə, neft qiymətlərində kəskin artım ehtimal olunur. İsveçrənin "UBS Group AG" maliyyə holdinqi, Fransanın "Societe General SA" bankı və ABŞ-ın "Citigroup" maliyyə korporasiyası bu il neftin ən yaxşı maliyyə aləti olacağını proqnozlaşdırır.

Sinqapurun "Phillip Futures" investisiya şirkətinin analitiki Daniel Anq (Daniel Ang) "Bloomberg News"a verdiyi müsahibədə ABŞ-da şist neft hasilatının azalması ilə bərabər ilin ikinci yarısında neftə olan tələbatın artacağını qeyd edib.

Qeyd edək ki, WTI markalı neft hazırda 30 dollar/bareldən bir qədər aşağı, "Brent" markalı neft isə 32,5 dollar/bareldən satılır.

Son xəbərlər

Orphus sistemi