​Samir Şərifov: "2016-cı ilin dövlət büdcəsində neftin qiyməti 25 dollar səviyyəsində götürülə bilər"

​Samir Şərifov: "2016-cı ilin dövlət büdcəsində neftin qiyməti 25 dollar səviyyəsində götürülə bilər" Maliyyə naziri dövlət büdcəsinə ediləcək dəyişikliklərlə bağlı açıqlama verib
Maliyyə
24 Yanvar , 2016 21:23
​Samir Şərifov: 2016-cı ilin dövlət büdcəsində neftin qiyməti 25 dollar səviyyəsində götürülə bilər

Bakı. 24 yanvar. REPORT.AZ/ 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər zamanı neftin qiyməti bir barel üzrə 25 ABŞ dolları səviyyəsində götürülə bilər.

"Report" xəbər verir ki, bunu ANS-ə müsahibəsində Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

"2016-cı ilin dövlət büdcəsi və icmal büdcənin gəlirləri hesablanan zaman neftin qiyməti bir barelə görə 50 dollar səviyyəsində götürülüb. Hazırda isə biz 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı əsas kimi bir barel üzrə 25 ABŞ dolları səviyyəsini götürmək istəyirik", - deyə nazir vurğulayıb.

S.Şərifovun sözlərinə görə, 2015-ci ilin dekabrında manatın növbəti ucuzlaşması dövlət büdcəsi xərclərində də bir sıra dəyişikliklərin edilməsini zəruri edib:

"Burada söhbət ilk növbədə bizim xarici valyutada ifadə olunan xərclərdən gedir. Yəni biz xarici borclara xidmət edilməsi ilə bağlı xərcləri, bizim xaricdəki diplomatik nümayəndəliklərimizin xərcləri, bizim beynəlxalq təşkilatlara olan üzvlük haqlarımız və xarici valyutada ifadə olunmuş buna bənzər öhdəliklərimizi yeni reallığa uyğun olaraq manat-dollar məzənnəsi nəzərə alınmaqla dövlət büdcəsində əks etdirməliyik. Bizim manat ifadəsində dövlət büdcəsində təsdiq etdiyimiz səviyyələr bunun üçün kifayət deyil. Məhz buna görə biz büdcədə əlavə xərclər nəzərdə tutmalıyıq. Bunun üçün müvafiq maliyyə təminatı yaratmaq lazımdır".

Nazir bildirib ki, "digər tərəfdən bildiyiniz kimi, manatın devalvasiyası ilə əlaqədar müəyyən inflyasiya təzyiqləri mövcuddur, bəzi qiymətlərin artması və s. Və bunların əhalinin ən həssas qruplarına mənfi təsirinin yumşaldılması məqsədi ilə dövlət tərəfindən müəyyən tədbirlər görülür".

"Bildiyiniz kimi ölkə başçısı tərəfindən artıq bir sıra sərəncamlar imzalanıb. Bunların bir hissəsi təqaüdçülərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib. Artıq bu barədə geniş məlumat verilib. Digərləri isə əmək haqlarının artımına yönəlib. Bir sıra yeni sərəncamların da imzalanması gözlənilir. Bunlar da, əsasən sosial sahəyə yönələcək. Burada işsizlik müavinətlərinin artırılması, ünvanlı sosial yardıma əlavə vəsaitin dövlət büdcəsindən ayrılması, müəyyən müvafiq sosial müavinətlərin artırılması, tələbələrin təqaüdlərinin artırılması nəzərdə tutulub. Bütün bu artımların edilməsi üçün də dövlət büdcəsində vəsait olmalıdır. Çünki təsdiq olunmuş büdcədə bu vəsait mövcud deyildi. Bu artımların maliyyə təminatının yaradılmasına da yenidən baxılacaq və bu, dövlət büdcəsində öz əksini tapmalıdır. Dövlət büdcəsində bu məqsədlərə 1 milyard manatdan çox vəsaitin ayrılması nəzərdə tutulur", - deyə Samir Şərifov qeyd edib.

Maliyyə naziri vurğulayıb ki, dövlət büdcəsinə baxılmasının digər səbəbi, nəzərdə tutulan bəzi gəlir mənbələrindən daha az gəlir əldə ediləcəyi ilə bağlıdır:

"Bildiyiniz kimi, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq neft konsorsiumları dövlət büdcəsinə mənfəət vergisi ödəyirlər. Bu vergi onların əsas fəaliyyət sahəsi olan neft və qaz sektorundan asılıdır. Bu sahədə də vəziyyət artıq məlumdur.

Bununla əlaqədar müxtəlif proqnozlar var ki, qiymət bir qədər də aşağı ola bilər. Amma bundan sonra ilin ikinci yarısında qiymətin artması ilə bağlı proqnozlar da var. Bu səbəbdən bizim neft sektorundan gəlirlərimiz şübhəsiz ki azalacaq. Bu gəlirlərin bir qismi xarici valyutada olduğuna görə, bunun bir hissəsi yumşalır. Ona görə ki, xarici valyutanın məzənnəsi artıb. Manat ifadəsində biz daha çox manat əldə edəcəyik. Buna baxmayaraq biz beynəlxalq konsorsiumlar və SOCAR-dan 200 milyon manat az vəsaitin daxil olmasını proqnozlaşdırırıq".

Nazir eyni zamanda Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi xətti ilə toplanan daxilolmalara da yenidən baxıldığını bildirib.

"Bu yenidənbaxma ilk növbədə manatın məzənnəsini dəyişməsi ilə bağlıdır. Çünki bəzi mallar ölkəyə xarici valyutada idxal edilir. Bunların manatda ifadəsi daha yüksək olduğuna görə daha çox gəlir əldə edilə bilər. Eyni zamanda hesab edirik ki, manatın devalvasiyası Vergilər Nazirliyi xətti ilə daxilolmalarda müəyyən inflyasiya yaradacaq. İqtisadiyyat Nazirliyinin yenilənmiş sosial-iqtisadi proqnozunda inflyasiya 10-12 faiz səviyyəsində götürülüb. Ona görə vergilər sahəsində də inflyasiya hesabına oxşar əlavə gəlirlər əldə oluna bilər. Bunları nəzərə almaqla yeni təqdim edəcəyimiz büdcə layihəsində dövlət büdcəsi gəlirləri təsdiq etdiyimiz gəlirlərlə müqayisədə 1,9 milyard artmış olur. Hazırda bizim gəlirlərimiz 14,5 milyard manatdırsa, yeni təsdiq olunacaq büdcəmizdə bu, təqribən 16,4 mlrd. səviyyəsində olacaq. Digər tərəfdən Dövlət Neft Fondundan dövlət büdcəsinə edilən transfertin məbləği də artacaq".

Son xəbərlər

Orphus sistemi