Rusiyada nağd valyutaya tələbat kəskin artıb

Rusiyada nağd valyutaya tələbat kəskin artıb Azərbaycanda da nağd valyutaya tələbat tədricən yüksəlir
Maliyyə
23 Avqust , 2016 10:46
Rusiyada nağd valyutaya tələbat kəskin artıb

Bakı. 23 avqust. REPORT.AZ/ Rusiyada əhalinin xalis nağd valyuta tələbi iyunda may ayı ilə müqayisədə 3,6 dəfə artaraq 1,2 mlrd. ABŞ dolları təşkil edib. "Report" Rusiya Bankının (Mərkəzi Bank) icmal hesabatına istinadən xəbər verir ki, iyun ayında ABŞ dollarına xalis tələb may ayı ilə müqayisədə 3,8 dəfə, avroya xalis tələb isə 3,4 dəfə artıb. İcmalda həmçinin qeyd edilib ki, səlahiyyətli banklar iyunda ölkəyə 1,5 mlrd. dollar nağd vəsait gətirib və bu, tələbatın ödənilməsi üçün yetərli olub. Hesabat dövründə ölkəyə gətirilən dolların həcmi 68% artdığı halda, avronun həcmi 49% azalıb.

Rusiya Bankından verilən məlumata görə, turizm mövsümünün başlaması fonunda nağd xarici valyutaya tələbatın artması normal hal kimi qəbul edilir. "IFC Financial Center" investisiya konsaltinq şirkətinin vitse-prezidenti Stanislav Verner bildirib ki, əhalinin nağd xarici valyutaya xalis tələbinin iyunda 260% artması həmçinin dollar və avronun rublla müqayisədə məzənnəsinin cari səviyyədən aşağı düşməyəcəyi ilə bağlı ehtimallarla əlaqəlidir. Qeyd edək ki, hazırda Rusiyada RUB/USD məzənnəsi 64-ə, RUB/EUR məzənnəsi isə 73-ə bərabərdir və rublun bu səviyyədən bir qədər də çox möhkəmlənməsi real görünmür.

Qeyd edək ki, Azərbaycanın nağd valyuta bazarında da xarici valyutaya tələbat son bir həftədə kəskin artıb. Bununla əlaqədar olaraq kommersiya bankları adambaşına nağd dollar satışını minimal həddə endirib. Hazırda nağd dollar satan kommersiya banklarında satış limiti 100-500 arasında dəyişir. Bəzi kommersiya bankları isə ümumiyyətlə nağd valyuta satışını dayandırıb. Nağd valyuta bazarında qıtlığın daha bir müddət davam etməsi gözlənilir. Qıtlığın aradan qaldırılması üçün Azərbaycan Dövlət Neft Fondu vasitəsilə valyuta hərraclarına çıxarılan məbləğin hazırkı 50 mln. dollardan 300 mln.-a qədər artırması zəruridir. Bu isə ARDNF-in büdcəyə transfer etdiyi vəsait üzrə nağd valyuta satışı proqramından kənara çıxmasına səbəb ola bilər ki, bunu hazırda ARDNF həyata keçirməyə istəkli görünmür. Lakin cari vəziyyət də maliyyə sabitliyinin təmin olunmasında problem yaradır.

Son xəbərlər

Orphus sistemi