​Rusiyada avtomobillərin icbari sığortası bahalaşa bilər

​Rusiyada avtomobillərin icbari sığortası bahalaşa bilər Sığorta şirkətlərinin bu sahədə fəaliyyətinin zərərliliyi ilin sonuna 94%-ə çatacaq
Maliyyə
18 İyun , 2016 15:35
​Rusiyada avtomobillərin icbari sığortası bahalaşa bilər

Bakı. 18 iyun. REPORT.AZ/ Rusiyada avtomobillərin icbari sığortası tarifləri artırıla bilər. "Report"un Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, buna səbəb adıçəkilən sığorta növü üzrə zərərliliyin kəskin artmasıdır.

Məsələ ondadır ki, hazırda qonşu ölkənin sığorta şirkətləri avtomobil sahiblərinin mülki məsuliyyətini sığortalamaqla əldə etdiyi vəsaitin 78%-ni müştərilərinə geri qaytarır. Halbuki bu nisbət iki il əvvəl 65% olub. İlin sonuna qədər isə zərərliliyin 94%-ə çatacağı gözlənilir. Buna görə də, sığorta bazarı mütəxəssisləri tariflərin artırılmasının qaçılmaz olduğunu deyirlər.

Rusiyada avtomobillərin icbari sığortası üzrə zərərliliyin artması bir neçə səbəblə izah olunur. İlk növbədə avtomobil sığortası məsələləri ilə məşğul olan hüquqşünasların fəallığı artıb, əvvəlki vaxtlarla müqayisədə sığorta şirkətlərinə qarşı daha çox kompensasiya tələbləri sürülür. Bundan başqa, Rusiya rublunun məzənnəsinin zəifləməsi nəticəsində avtomobillərin ehtiyat hissələri bahalaşıb, bu isə ödənişlərin məbləğinin artmasını şərtləndirib. Son nəticədə sürücülərin mülki məsuliyyətini sığortalamaq şirkətlərə sərf etmir. Onların bəziləri hətta digər sığorta növlərindən qazandıqları pulla avtomobillərin icbari sığortasına görə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirir.

Rusiya Avtomobil Sığortaçıları İttifaqı (RASİ) isə təklif edir ki, icbari sığortaya görə ödənişlər həm də yol hərəkəti qaydalarını pozan sürücülərin hesabına həyata keçirilsin. Başqa sözlə, onların ödədiyi cərimə hesabına avtomobillərin icbari sığortasına görə kompensasiya verilsin. İntizamsız sürücülər üçün icbari sığorta isə 2 dəfə bahalaşdırılsın. Söhbət il ərzində 5 dəfədən çox qaydaları pozub cərimə ödəyənlərdən gedir.

Bundan başqa, intizamlı sürücülər üçün icbari sığortaya görə hesablanan bonus əmsalının artırılması təklif olunur. Xatırladaq ki, bunun üçün əsas kimi avtomobillərin icbari sığortası ilə bağlı qeydə alınan sığorta hadisələrinin statistikası götürülür.

Bununla belə, RASİ-nin təklifləri hüquq müdafiəçilərini qane etmir. Onların fikrincə, bu təkliflər reallaşsa, sürücülərin xərçi həddindən çox artacaq. Bir tərəfdən onlar yol hərəkəti qaydalarını pozduqları üçün cərimə ödəyəcək, digər tərəfdən isə qayda pozuntusuna yol verənlər üçün icbari sığorta haqqı 2 dəfə artırılacaq. Üstəlik, bu növ sığortanın özünün də bahalaşması riski var.

Son xəbərlər

Orphus sistemi