​Rusiya sığorta şirkətlərinin aktivləri ilə bağlı tələbləri sərtləşdirir

​Rusiya sığorta şirkətlərinin aktivləri ilə bağlı tələbləri sərtləşdirir Məqsəd, maliyyə bazarı iştirakçılarının investisiya qaydalarının unifikasiyasıdır
Maliyyə
27 İyun , 2016 17:05
​Rusiya sığorta şirkətlərinin aktivləri ilə bağlı tələbləri sərtləşdirir

Bakı. 27 iyun. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı (RMB) ölkədəki sığorta şirkətlərinin investisiya fəaliyyətinə dair yeni tələblər müəyyən edib. "Report"un Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, bu tələblər sığortaçıların şəxsi vəsaitləri və sığorta ehtiyatları əsasında investisiya qoyuluşu üçün nəzərdə tutulub. Məqsəd maliyyə bazarı iştirakçılarının investisiya qaydalarının unifikasiya edilməsi, həmçinin sığorta bazarında "vicdansız" investisiya qoyuluşu təcrübəsinin aradan qaldırılmasıdır.

Məsələn, bundan sonra sığorta şirkətlərinin yerli və xarici fond bazarında əldə etdiyi qiymətli kağızların, eləcə də pul qoyduqları daşınmaz əmlakların bazar dəyəri RMB-nin müəyyən etdiyi tələblər əsasında hesablanacaq. "Aktivlərin, o cümlədən daşınmaz əmlakın qiymətləndirilməsi problemi maliyyə bazarının bütün seqmentləri üçün aktualdır. Hazırda problemin həlli sistem səviyyəsində nəzərdən keçirilir və bunun üçün ilk addım atılmaqdadır", - deyə RMB-nin açıqlamasında bildirilir.

Digər vacib dəyişiklik isə sığorta şirkətlərinin ipoteka sertifikatlarına və səhm invesitisiya fondlarına pul qoymaq imkanlarının əhəmiyyətli dərəcədə azaldılması ilə bağlıdır. Bundan başqa, təklif edilir ki, sığortaçıların kənd təsərrüfatı təyinatlı və fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş torpaq sahələrini almasına qadağa qoyulsun.

RMB həmçinin sığorta şirkətlərinin əlaqəli sahələrə investisiya etməsinin qarşısını almaq üçün qapalı siyahı tərtib etmək niyyətindədir. Qurum hesab edir ki, yeni investisiya qaydalar sığortaçılarının şəxsi kapitalları və sığorta ehtiyatları hesabına formalaşmış aktivlərinin keyfiyyətini və etibarlılığını artıracaq.

Xatırladaq ki, Rusiyada dəfələrlə sığorta şirkətlərinin sığorta ehtiyatları əsasında investisiya qoyuluşunun normativ tələblərə cavab vermədiyi üzə çıxıb. Təxminən 10 gün bundan əvvəl RMB bu yolla qanunvericiliyin tələbini pozmuş 3 sığorta şirkətinin ("Univers-Qarant", "Mejotraslevoy Straxovoy Tsentr" ("Sahələrarası Sığorta Mərkəzi") və "Respublikanskiy Straxovoy Dom" ("Respublika Sığorta Evi") şirkətlərinin) lisenziyalarını geri çağırıb.

Son xəbərlər

Orphus sistemi