Rusiya bankları valyuta əmanətlərini ucuzlaşdırır

Rusiya bankları valyuta əmanətlərini ucuzlaşdırır "Report": Azərbaycanda da likvidlik problemi olmayan banklar xarici valyutada əmanət faizlərini endirə bilər
Maliyyə
30 Avqust , 2016 15:43
Rusiya bankları valyuta əmanətlərini ucuzlaşdırır

Bakı. 30 avqust. REPORT.AZ/ Rusiyada fəaliyyət göstərən kommersiya bankları yaxın zamanlarda xarici valyutada cəlb olunan depozitlər üzrə faiz dərəcələrini aşağı salmağa hazırlaşır. "Report"un "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, artıq "Citibank" bu gündən etibarən faizləri azaltmaq qərarına gəlib. Qeyd edək ki, avqustun 28-dək bu bankın dollar əmanətləri üzrə illik dərəcəsi 0,1%, avro üzrə 0,05% təşkil edib. 

"Svyazbank"ın Pərakəndə biznesin inkişafı Departamentinin direktor müavini Natalya Nalivkina bildirib ki, sentyabr ayının əvvəlindən xarici valyutada faiz dərəcələri 0,2 faiz bəndi azaldılacaq. "Lenta.ru"ya müsahibəsində "Finbam" şirkətlər qrupunun maliyyə analitiki Timur Niqmatullin qeyd edib ki, cari tendensiya davam edərsə, yaxın 2-3 il ərzində Rusiyadakı bankların avropalı həmkarların təcrübəsinə əsaslanaraq 0% tətbiq edəcəyi istisna olunmur.

Xatırladaq ki, avqustun 25-də "Sberbank"ın İdarə Heyətinin sədr müavini Aleksandr Morozov Bankın xarici valyutadakı əmanətlər üzrə faizləri 2016-cı ildə 0-0,1% diapazonuna endirə biləcəyini, mənfi faizlərin tətbiqinə isə "mentalitet" olaraq hazır olmadıqlarını bildirib.

Xatırladaq ki, Azərbaycanda da son 2 ildə xarici valyutada əmanətlər üzrə faizlər kommersiya bankları tərəfindən 10-12% səviyyəsindən orta hesabla 2-4% səviyyəsinə qədər azaldılıb. Gələcəkdə Azərbaycanda da bankların likvidlik vəziyyətinin normallaşması ilə fazilərin daha da azaldılacağı istisna edilmir. Bunun səbəbi isə bankların xarici valyutada kredit vermədiyi halda xarici valyutada depozit toplamasına ehtiyacının olmaması ilə əlaqələndirilir. 

"Manatla kreditlərə gəldikdə isə manatın dollarla müqayisədə məzənnəsinin il ərzində nə qədər dəyişəcəyi dəqiq müəyyən olunmalıdır. Bundan sonra, əhali bu dəyişiklik faizindən daha artıq gəlir əldə etdikləri halda banklara manatla vəsait yerləşdirə biləcək. Nəticədə, banklar da manatla kredit verə biləcək. Hazırda isə bu mümkün deyil: manat dollarla müqayisədə mayın 25-dən rəsmi olaraq etibarən 9,3% devalvasiyaya məruz qalıb. Bankların satış məzənnəsi nəzərə alındıqda isə dəyişiklik 16%-ə çatıb. Banklar isə belə bir depozit faizi təqdim etmir. Etsələr belə, bu, dövlət tərəfindən sığortalanmır. Məhz bu səbəbdən əhali dollar alaraq manat ekvivalentində gəlir əldə etməyə daha çox üstünlük verir. Real olaraq isə heç bir gəlirdən söz gedə bilməz", - deyə "Report"un analitikləri qeyd ediblər. 

Son xəbərlər

Orphus sistemi