Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə yüksək tələbat duyulacaq maliyyə alətlərinin Azərbaycanda tətbiqi ilə bağlı bu ilin fevral ayından iş aparılıb. “Report” xəbər verir ki, bunu Bakıda keçirilən SOCAR istiqrazlarının təqdimat mərasimində Maliyyə Bazarlarına Nəzarət Palatasın Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
Onun sözlərinə görə, bu istiqrazlar hesabına SOCAR-ın qiymətli kağızlarındakı imkanları Londondan Bakıya gətirilib: “Bildiyiniz kimi, SOCAR-ın istiqrazları London Fond Birjasında satılırdı. Hazırda isə bu imkan Azərbaycan vətəndaşları üçün yaradılıb. Biz gözləyirik ki, SOCAR-ın növbəti addımı səhm buraxılışı olacaq və bu birinciliyi gözləyirik”.