​"Report": Yaxın 10-15 ildə dünya iqtisadiyyatını gərgin vəziyyət gözləyir - PROQNOZ

​"Report": Yaxın 10-15 ildə dünya iqtisadiyyatını gərgin vəziyyət gözləyir - PROQNOZ Qlobal iqtisadi böhran 2020-ci ilə qədər pik həddə çatacaq
Maliyyə
2 İyun , 2015 14:38
​Report: Yaxın 10-15 ildə dünya iqtisadiyyatını gərgin vəziyyət gözləyir - PROQNOZ

Bakı. 2 iyun. REPORT.AZ/ Ötən ilin ortalarında başlayan yeni qlobal iqtisadi böhranın 2020-ci ilə qədər pik həddə çatacağı gözlənilir.

"Report"un analitik qrupu qeyd edir ki, inkişaf etmiş ölkələrdə ÜDM-in artım tempi 2%-i keçməyəcək, Çin iqtisadiyyatının artım tempi 5%-ə qədər geriləyəcək, inkişafda olan ölkələrdə isə ÜDM üzrə neqativ dinamika müşahidə olunacaq. Enerji resursları, daşınmaz əmlak və fond bazarlarında qiymətlər minimuma enəcək.

"Qlobal iqtisadi böhran yaxın 5 ildə daha da kəskinləşəcək. Bu ilin sentyabr ayından etibarən ABŞ-da uçot dərəcəsinin ehtimal olunan artması ilə dünya iqtisadiyyatı yeni mərhələyə qədəm qoyacaq. Bu zaman likvidlik problemi yaranacaq. Əsas səbəb isə dünya iqtisadiyyatındakı zəifləmə nəticəsində nağd vəsaitlərin real sektora deyil, ABŞ dövlət qiymətli kağızlarına yönəlməsi olacaq", - deyə "Report"un analitikləri vurğulayır.

Lakin ekspertlər qeyd edirlər ki, ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini artırmağa tələsmədiyi görünür. FES ölkədəki iqtisadi artımın möhkəmliyinə əmin olmaq istəyir. Bu da FES-in faiz artırma prosesini xeyli uzadacağını proqnozlaşdırmağa əsas verir. Belə olarsa, ABŞ dolları uzun müddət digər valyutalara qarşı mövqeyini qoruyacaq. Nəticədə, dünya daha bir real deflyasiya təhlükəsi ilə üzləşəcək.

"Deflyasiyaya bir də likvidliyin azalması neqativ təsir göstərəcək. Xammalla zəngin olan ölkələrin ixracdan əldə etdiyi gəlirlər azalacaq və bu ölkələr məcburən devalvasiyanı davam etdirəcək, büdcə xərclərini azaldacaq. Dolayısı ilə zəncirvari olaraq bütün dünya bu prosesdən əziyyət çəkəcək", - deyə "Report"un ekspertləri bildirir.

Analitiklər hesab edirlər ki, qlobal tənəzzül prosesinin əksi, geri istiqamətdə hərəkəti isə 2025-ci ildən başlayacaq. ABŞ dollarının zəifləməsi dünyada qiymətlərin yenidən yüksəlməsinə səbəb olacaq. Bunun üçün ABŞ-da uçot dərəcəsinin maksimum həddə yüksəldikdən sonra eniş trendinə daxil olması zəruridir. Bu da 2025-ci ilə yaxın bir dövrdə baş verə bilər.

"Nəticə etibarı ilə dünya iqtisadiyyatını 2025-2030-cu illərə qədər gərgin vəziyyət gözləyir", - deyə "Report" agentliyinin analitikləri vurğulayır.

Son xəbərlər

Orphus sistemi