​"Report": Uçot dərəcəsinin azaldılması bazara təsir etməyəcək

​"Report": Uçot dərəcəsinin azaldılması bazara təsir etməyəcək Maliyyə vəsaiti qıtlığı problemi davam edəcək və faizlər yüksək səviyyədə qalacaq
Maliyyə
13 İyul , 2015 14:39
​Report: Uçot dərəcəsinin azaldılması bazara təsir etməyəcək

Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini yarım faiz bəndi azaldaraq 3%-ə endirsə də, yerli bazarda depozit faizləri illik 12-15%, kredit faizləri isə 24-36% aralığında dəyişir. Halbuki, banklar ucuz AMB resurslarından istifadə edə bilməlidir.

"Report"un analitik qrupu qeyd edir ki, AMB-dən uçot dərəcəsi ilə maliyyələşmə baş verərsə, o zaman depozit faizləri aşağı salına bilər: "Çünki depozitlərə ehtiyac azalacaq. Bu da öz növbəsində kreditlərin ucuzlaşmasına şərait yaradacaq. Buradan belə qənaətə gəlmək olur ki, ya AMB-nin vəsaitlərindən istifadə etmək ümumiyyətlə, ya da mövcud uçot dərəcəsi ilə mümkün deyil. Çünki 3-3,5% dərəcəsi ilə borc götürmək imkanı olan bank 36%-lə borc verməz".

Analitik qrupun ekspertləri hesab edirlər ki, uçot dərəcəsinin azaldılması ölkənin kredit bazarına təsir edəcəyi gözlənilmir: "Yəni, ən yaxşı halda kredit faizləri 36%-dən 35,5%-ə enə bilər. Bankların depozit faizlərini endirməsi də real görünmür. Çünki hazırda devalvasiya səbəbindən onların maliyyə ehtiyacları böyükdür. Depozit faizləri aşağı salınarsa, əmanətlərin geri çəkilmə riski yarana bilər. Hazırkı riskli iqtisadi-maliyyə konyunkturunda yalnız yüksək faizlər depozit sahiblərini banklara yönəldə bilər. Əks halda banklardan maliyyə axınının baş verməsi ehtimalı böyükdür".

Qeyd edək ki, uçot dərəcəsinin artırılması iqtisadiyyatı canlandırmaq üçün atılmış əsas addımlardan biri hesab olunur - vəsait qıtlığı iqtisadi canlanmaya mane olur. Belə ki, keçən ilin iyulunda dövriyyədə olan nağd pul kütləsi 11 144,4 mln. manat təşkil etdiyi halda, 2015-ci il iyunun 1-nə bu rəqəm 7 129,4 mln. manat, azalma isə 4 015 mln. manat və ya 36% olub.

"Yəni, keçən ilki vəziyyətə geri dönmək üçün ən azı bu qədər vəsait yenidən bazara geri dönməlidir. Nəzərə alaq ki, keçən ildən etibarən əhalinin sayında da 1% artım olub. Bu qədər vəsaitin isə iqtisadiyyata ötürülməsi hazırda qeyri-real görünür. Yəqin ki, kiçik istehlak kreditləri ilə bir qədər iqtisadiyyatın canlandırılması planlaşdırılır. Amma hazırkı faiz dərəcələri ilə insanlar kredit götürməyə can atmır", - deyə analitik qrupun nümayəndələri bildirir.

Qeyd edək ki, bankların yüksək faiz dərəcələrindən başqa kredit götürənlərin əlavə bank xərcləri mövcuddur. Keçən həftənin əvvəlinə qədər kreditləşmədə komissiya haqları 5-7% diapazonunda idisə, AMB bunu 1%-lə məhdudlaşdırıb.

"Nəticə olaraq, belə qənaətə gəlmək olar ki, neftin qiyməti artmadığı müddətcə keçən ilin ortalarına qədər olan iqtisadi-maliyyə şəraitinə çatmaq mümkün olmayacaq. Neft isə hazırda 58 dollar/barelə düşüb. Yəni, keçən ildən etibarən yarıbayarıya azalıb. Neft qiymətinin bu səviyyəsi ehtimallara görə 5-10 il davam edə bilər. Ona görə də maliyyə vəsaiti qıtlığı neftin bu qiymətlərində davam edəcək və faizlər yüksək səviyyədə qalacaq", - deyə ekspertlər hesab edirlər. 

Son xəbərlər

Orphus sistemi