"Report": AMB dolların məzənnəsi ilə bağlı illik limit tətbiq etməlidir

"Report": AMB dolların məzənnəsi ilə bağlı illik limit tətbiq etməlidir Analitiklər: Milli valyutanın sabitliyi iqtisadi canlanmanı təmin edəcək əsas amildir
Maliyyə
4 Mart , 2016 14:56
Report: AMB dolların məzənnəsi ilə bağlı illik limit tətbiq etməlidir

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün uçot dərəcəsini 7%-ə artırması AMB-nin kommersiya banklarına daha yüksək faizlə likvidlik verməsini təmin edəcək. Qeyd edək ki, AMB-nin bugünkü qərarı ilə uçot dərəcəsi 5%-dən 7%-ə qaldırılıb, likvidlik əməliyyatları üzrə faiz dəhlizi isə 2-17% müəyyən edilib. Həmçinin, müəyyən olunan faiz dəhlizi üzrə likvidliyin verilməsi və cəlb olunması əməliyyatlarının müddəti 1 gündən 7 günə yüksəldilib.

"Report"un analitik qrupu hesab edir ki, əslində, uçot dərəcəsinin yüksəldilməsi hazırda manatla depozit toplaya bilməyən banklara likvidliyin təmin edilməsi üçün atılan bir addımdır: "Çünki kommersiya bankları manat ehtiyaclarını AMB-dən təmin etməyə məcbur qaldığından, Mərkəzi Bank manat likvidliyini daha yüksək faizlə təqdim etmək niyyətindədir. Depozitlərin limitsiz və 12%-ə qədər olan dərəcə ilə sığortalanması son günlər manatın zəifləməsi fonunda kommersiya banklarının depozit toplamasına mane olacaq. Manatla depozitlərin artması üçün manat qıtlığının aradan qaldırılması və ən əsası iqtisadi artıma nail olunması üçün milli valyutanın sabitliyi qorunmalıdır. Əks halda, faiz həddindən asılı olmayaraq manat depozitlərinə maraq olmayacaq". 

"Manat kütləsinin artırılması üçün AZN/USD məzənnəsinin illik minimal və maksimal hədləri müəyyən edilməli, bu dəhliz çərçivəsində valyuta məzənnəsi ilə ticarət əməliyyatlarının aparılması üçün imkanlar yaradılmalıdır. Manatla depozit yatıran şəxslər isə real gəlirlərini müəyyən edə bilməlidirlər. Yəni bu gün xarici valyutasını manata çevirib banka depozit yerləşdirən şəxs bir ildən sonra faiz gəliri ilə birlikdə geri alacağı vəsaiti yenidən xarici valyutaya çevirdikdə itirməməlidir. Hazırda isə belə bir zəmanət yoxdur. Çünki manatın nə qədər ucuzlaşacağı məlum deyil. Bu da insanların manat depozitlərinə yönlənməsini əngəlləyən amildir", - deyə analitiklər qeyd edirlər. 

"Report"un ekspertləri hesab edirlər ki, xarici valyutaya tələbin qarşısının alınması və manata inamın bərpası ümumi iqtisadi artımı təmin edəcək əsas amillərdir: "AMB-nin manat kütləsini artırmaq cəhdləri məhz məzənnə siyasəti səbəbindən fiaskoya uğrayır. Çünki yekunda dövriyyəyə daxil olan əlavə manat kütləsi yenidən xarici valyutaya yönəldilir. Məhz bu səbəbdən AMB məzənnə siyasətində dəyişiklik etməli, manatın dollara qarşı məzənnəsində illik limit tətbiq etməlidir. Məsələn, manatla depozit faizləri 12% olduğunu qəbul etsək, AZN/USD məzənnəsinin il ərzində maksimum 7-8%-dən çox artmayacağı barədə zəmanət verilməlidir".

Son xəbərlər

Orphus sistemi