Qiymətli kağızlar bazarında yeni sistem istifadəyə verilib

Qiymətli kağızlar bazarında yeni sistem istifadəyə verilib Bu, Məlumatların Elektron Açıqlanması Sistemidir
Maliyyə
12 Fevral , 2016 11:32
Qiymətli kağızlar bazarında yeni sistem istifadəyə verilib

Bakı. 12 fevral. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən fond bazarında Məlumatların Elektron Açıqlanması Sistemi (MEAS) istifadəyə verilib.

"Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, MEAS - qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən qanunvericiliklə açıqlanması nəzərdə tutulan məlumatların qəbulu, mərkəzləşdirilmiş qaydada saxlanılması və ictimaiyyətə açıqlanması üzrə vahid məlumat resursudur.

Emitentlər üçün vahid məlumat resursu olan MEAS qiymətli kağızlar bazarında şəffaflığın artırılması, məlumatlara nəzarətin effektivliyinin təmin edilməsi, investorlara dəqiq və dolğun informasiyanın təqdim edilməsi, qiymətli kağızlar bazarında açıqlanan məlumatların mərkəzləşdirilmiş qaydada saxlanılması və proseslərin elektronlaşdırılması üçün yaradılıb.

Emitentlər tərəfindən məlumatların açıqlanması və əldə edilməsi “Qiymətli kağızlar bazarında emitentlər tərəfindən məlumatların açıqlanması Qaydaları"na uyğun olaraq www.disclosure.az internet səhifəsi vasitəsi ilə həyata keçirilir. Emitentlər QKDK-ya müraciət etməklə və ya "ASAN imza" vasitəsilə MEAS-da qeydiyyatdan keçməklə, məlumatları açıqlaya bilərlər. Mobil identifikasiya və imzalama xidməti olan “ASAN İmza”nı (www.asanimza.az) dəstəkləyən MEAS-da onlayn rejimdə qeydiyyatdan keçərək, fiziki olaraq heç bir yerə müraciət etmədən emitentlərin öz məlumatlarını elektron şəkildə sistemə yükləmələri mümkündür. Məlumatların MEAS-da yerləşdirilməsi və açıqlanmış məlumatların əldə edilməsinə görə heç bir ödəniş tələb edilmir.

Qeyd edək ki, qaydalara uyğun olaraq, emitentlər tərəfindən məlumatların açıqlanması MEAS-ın rəsmi internet səhifəsində (www.disclosure.az) həyata keçirilməlidir.

Son xəbərlər

Orphus sistemi