​Proqnoz: Rublun məzənnəsi 55 RUB/USD səviyyəsində sabitləşəcək

​Proqnoz: Rublun məzənnəsi 55 RUB/USD səviyyəsində sabitləşəcək Rusiyalı ekspertlərin fikrincə, rubla qarşı yönələn neqativ amillər bitib
Maliyyə
9 Aprel , 2015 17:33
​Proqnoz: Rublun məzənnəsi 55 RUB/USD səviyyəsində sabitləşəcək

Bakı. 9 aprel. REPORT.AZ/ Rusiya rublunun dünya bazarında əvvəlki günlər ərzində nisbətən bahalaşması və Federal Borc İstiqrazları (FBİ) hərraclarında investorların rubla olan tələbatının artması səbəbindən möhkəmlənir. İqtisadçılar rublun 50 RUB/USD səviyyəsinə çatacağını istisna etmirlər.

"Report" xəbər verir ki, dünən, aprelin 8-də Moskvada dolların birja məzənnəsi 1,5 rubl azalaraq ilin əvvəlindən ilk dəfə 54 RUB/USD həddindən aşağı enib. Beləliklə, aprel ayının əvvəlindən rubl dollara qarşı 7%, avroya qarşı isə 6% möhkəmlənib. "Renessans Kapital" investisiya şirkətinin Rusiya və MDB üzrə baş iqtisadçısı Oleq Kuzmin bunu neftin ayın əvvəlindən 4,4% bahalaşması ilə əlaqələndirib. Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina isə möhkəmlənməni xarici borc ödənişlərinin azalma dövrünə daxil olmaqla, yüksək faiz həddi və valyuta ilə maliyyələşmə alətlərinin inkişaf etməsi ilə izah edib.

"MTS Bank"ın baş iqtisadçısı Yevgeni Nadorşin səbəblər arasında Rusiyadan kapital axınının azalması, cari əməliyyatlar üzrə önəmli ölçüdə profisitin yaranması və valyutaya lokal tələbin azalmasını göstərir. 

"Alfa Bank"ın baş iqtisadçısı Natalya Orlova isə mart və aprel aylarında rublun möhkəmlənməsinin səbəblərini ixracatçı şirkətlərin yüksək miqdarda vergi ödəmələri ilə əlaqələndirib. 

Y.Nadorşin əlavə olaraq əhali tərəfindən spekulyativ məqsədlə əldə edilən valyutanın yenidən rubla çevrilməsi prosesinin də milli valyutanın möhkəmlənməsində önəmli rol oynadığını qeyd edib.

"Sberbank"ın iqtisadi analitiki İskəndər Abdullayev qeyd edib ki, Rusiya Mərkəzi Bankı (RMB) valyuta repo əməliyyatları vasitəsilə bazarda likvidliyi artıraraq Rusiya istiqrazlarına, xüsusilə rublda olan istiqrazlara investorların marağını artırıb. Bu həftə RMB repo bazarının həcmini 2,3 mlrd. dollar artıraraq 32,7 mlrd. dollara çatdırıb.

Dünən Rusiya Maliyyə Nazirliyi isə 10 illik istiqrazlar emissiya edib. İstiqrazlar üzrə gəlirlik illik 11,55% olub və investorlar tərəfindən təqdim edilən sifarişlər 10 mlrd. rubl həcmi olan emissiyanı iki dəfə üstələyib. Bununla yanaşı, nazirlik 3 illik dövr üçün 15 mlrd. rubl həcmində daha bir istiqraz emissiyası yerləşdirib, illik gəlirlik 13,28%, tələbat isə 27,11 mlrd. rubl olub.

"Qazprombank"ın İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Yeqor Susin rubla qarşı neqativ amillərin bitdiyini, faizlərin gələcəkdə aşağı düşəcəyi gözləntisi ilə investorların rublda istiqrazlara tələbatının kəskin artdığını bildirib: "ABŞ-da və Böyük Britaniyada uçot dərəcələri 0,25%, Rusiyada isə 14%-dir. Bu fərqdən bir çox xarici investor da istifadə edərək yüksək gəlir götürmək istəyir". O, rublun bir qədər artıq möhkəmləndiyini, bu prosesin 52 RUB/USD-yə qədər davam edəcəyini və yekunda məzənnənin yenidən 55 RUB/USD səviyyəsinə qayıdacağını vurğulayıb.

"Bank of Amerika" və "Merryl Lynch" Rusiya və MDB üzrə baş iqtisadçısı Vladimir Osakovskiy rublun 55 RUB/USD səviyyəsində tarazlıq axtardığını qeyd edib.

Son xəbərlər

Orphus sistemi