Bakı.14 iyul .REPORT.AZ/ Yunanıstanla Avropa İttifaqı arasında borc böhranının həllinə dair razılaşmanın əldə olunması maliyyə bazarlarında bəzi dəyişikliklərə səbəb olacaq. Belə ki, dünən bu xəbərdən sonra Almaniya başda olmaqla Avropanın bir çox fond birjasında səhmlərin qiyməti yüksəlib. "Report" xəbər verir ki, birjalardakı artım 4-cü gündür davam edir. Avro isə dollarla müqayisədə təzyiq altında qalmaqda davam edir. Bu da əsasən ABŞ-da sentyabrda yüksək ehtimalla gözlənilən uçot dərəcəsinin artırılması ilə əlaqədardır.
Qeyd edək ki, iyulun 10-da Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Canet Yellen Klivlenddəki açıqlamalarında "bu il faizləri artırmaq üçün ilk addımı ata biləcəyik" ifadəsini söyləyib. O, "faiz artımının mərhələli olacağını" qeyd edib. C.Yellen daha sonra "güclü dollar və ucuz neft ABŞ iqtisadiyyatına müvəqqəti təsir edəcək" fikrini əlavə edib.
Yunanıstan borc böhranının müsbət həlli xəbəri ilə avro dollarla müqayisədə hətta 1,10 USD/EUR səviyyəsindən də aşağı düşüb.
ABŞ-ın "Blackstone Group LP" investisiya şirkətinin konsaltinq xidmətləri üzrə müdir müavini Bayron Vien bildirib ki, ABŞ iqtisadiyyatı ikinci yarımildə daha da sürətlə inkişaf edəcək və FES uçot dərəcələrini artırmaq fikrində qərarlıdır.
"Bloomberg" agentliyinin məlumatına əsasən, sentyabrda FES-in faiz artırması proqnozları 21%-dən 33%-ə yüksəlib. Dekabrda faizləri artırma ehtimalları isə 54%-dən 67%-ə qalxıb.
B.Vien daha sonra ABŞ-dakı şirkətlərin ilin ikinci yarısında mənfəətlərinin artacağını və neft qiymətlərinin mərhələli şəkildə yüksələcəyini qeyd edib.
Nəticədə, sentyabr yaxınlaşdıqca avronun dollarla müqayisədə zəifləməsi ehtimal olunur. Dolların güclənməsi isə xammal qiymətlərini aşağı çəkəcək. ABŞ-da faizlərin artması isə onsuz da maksimal səviyyələrə yaxın olan fond birjalarından maliyyə vəsaitinin bir hissəsinin qiymətli kağızlara istiqamətlənməsinə səbəb olacaq. ABŞ-dakı faiz artırımı ilə inkişaf etməkdə olan ölkələrdən də maliyyə vəsaitinin çıxaraq ABŞ-a yönəlməsinin şahidi olacağıq. Bu da ümumilikdə dünyada likvidlik probleminə səbəb olacaq və maliyyə qıtlığı daha da aktuallaşacaq.