​Proqnoz: Dollar/avro məzənnəsi 2017-ci ildə paritetə çatacaq - TƏHLİL

​Proqnoz: Dollar/avro məzənnəsi 2017-ci ildə paritetə çatacaq - TƏHLİL Dünya maliyyə və neft bazarlarındakı proseslər Azərbaycan manatına təzyiqi artıracaq
Maliyyə
19 Sentyabr , 2015 14:43
​Proqnoz: Dollar/avro məzənnəsi 2017-ci ildə paritetə çatacaq - TƏHLİL

Bakı. 19 sentyabr. REPORT.AZ/ ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) Açıq Bazar Əməliyyatları Komitəsinin (FOMC) sentyabrın 16-17-də keçirilən iclasının yekununda uçot dərəcəsinin dəyişməz saxlanılması qərarının qlobal bazarlara fərqli təsiri olacaq.

"Report"un analitik qrupu qeyd edir ki, uçot dərəcəsini minimal səviyyədə - 0-0,25% diapazonunda saxlayan FES-in rəhbəri Canet Yellen qurumun İdarə Heyəti üzvlərinin çox hissəsinin faiz artımını bu il ərzində həyata keçirilməsini ehtimal etdiklərini bildirib: "Son qlobal iqtisadi və maliyyə dəyişiklikləri ABŞ iqtisadiyyatına mənfi təsir göstərə bilər və inflyasiyanın zəifləməsinə səbəb ola bilər".

Qeyd edək ki, FES-in qərarından sonra dünya maliyyə, kapital və əmtəə bazarlarında ABŞ dolları istisna olmaqla ciddi dəyişiklik baş verməyib. Qərardan sonra avronun dollara qarşı məzənnəsi 1,3% artaraq 1,1289 USD/EUR-dan 1,1437 USD/EUR-a çatıb. ABŞ-ın "Dow Jones" indeksi isə qərardan dərhal sonra 1% yüksəlsə də, günü 0,4% azalma ilə tamamlayıb.

"Report"un ekspertləri hesab edirlər ki, uçot dərəcəsinin artırılmaması dünya bazarında bütün növ aktivlərə təzyiqin davam etməsinə səbəb olacaq. Qlobal iqtisadiyyatlar uçot dərəcəsinin hər 45 gündən bir (FES iclasları 45 gündən bir, ildə 8 dəfə keçirilir) artırılması ehtimalını nəzərə alaraq mənfi təsirə məruz qalacaq.

Son günlərdə dünya fond birjalarında 3-5% aralığında artım baş verdiyi üçün ilin sonuna qədər kəskin artım olacağı proqnozlaşdırılmır. Fond birjaları böyük ehtimalla mövcud səviyyələrində - 5%-lik dalğalanma ilə FES-in növbəti iclasını gözləyəcək.

Hazırda maksimal qiymətlərə yaxın olan xammal qiymətlərini də cari şərtlər çərçivəsində ilin sonuna qədər ciddi artım gözləmir. Çin iqtisadiyyatı haqqında zəif göstəricilərin açıqlanması ehtimalı yüksək olduğundan xammal qiymətlərinin mənfi təsirə məruz qalacağı gözlənilir.

"Report" yaxın zamanlarda WTI markalı neftin qiymətinin ABŞ-da neft hasilatının azalması fonunda "Brent" markalı neftin qiymətini keçəcəyini proqnozlaşdırır. Qeyd edək ki, hazırda bu markalar arasındakı spred 2,40 dollara qədər azalıb, 2011-ci ildə isə spred "Brent" markalı neftin xeyrinə 27 dollar olub. Bir neçə il ərzində "Brent"in orta illik qiymətinin 25-50 dollar/barel intervalında olacağı proqnozlaşdırılır.

Qızılın qiymətinin ilin sonuna qədər 1 080-1 150 dollar/unsiya aralığında qalması ehtimal olunur. Dünya bazarında likvidliyin azalması və uçot dərəcəsinin bir müddət sonra artırılması heç bir dividend verməyən qızılın qiymətinə mənfi təsir edəcək. Uzunmüddətli perspektivdə isə qızılın 800 dollar/unsiyaya qədər ucuzlaşması qaçılmazdır.

USD/EUR məzənnəsi "Report"un daha əvvəl də vurğuladığı kimi 1,20-1,22 səviyyəsinə çata bilər. FES-in növbəti iclasında da uçot dərəcəsi artırılmasa məzənnə böyük ehtimalla bu aralığa qədər dəyişəcək. Bu, ABŞ-da inflyasiyanın sürətlənməsinə gətirib çıxaracaq və FES-in faziləri artırmamaq üçün heç bir bəhanəsi qalmayacaq. Məzənnənin artmasının təsiri isə ABŞ-dakı qiymət indeksinə bir neçə aydan sonra təsir edəcək. Bu səbəbdən "Report" faizlərin artırılmasına ən yaxşı halda gələn ilin yanvar ayında başlanılacağını proqnozlaşdırır. Qeyd edək ki, faizlərin artırılmağa başlanılması ilə USD/EUR məzənnəsi artıq 2017-ci ildə paritet səviyyəyə qədər azalacaq.

"Azərbaycan milli valyutasına bu proseslərdə ən çox neftin qiymətinin dəyişməsi və ticarət tərədaşı olan ölkələrin valyutalarının devalvasiyası təsir edə bilər. Likvidliyin azalması və neftin qiymətinin aşağı səviyyədə qalması Rusiya və Türkiyə kimi əsas ticarət tərəfdaşlarımızın iqtisadiyyatına mənfi təsir göstərəcək. Bu təsir 2017-ci ildən sonra dolların güclənməsi ilə daha da kəskinləşə və manat üzərində təzyiqi artıra bilər. Yaxın perspektivdə dünya bazarında neft təklifinin tələbi üstələməsi fonunda qiymətlərin azalması proqnozlaşdırıldığından manata da təzyiq davam edəcək. Gələn ilin əvvəlində manatın məzənnəsinin 40%-lik korreksiyası mümkün hesab edilir", - deyə analitiklər bildirib.

Qeyd edək ki, belə bir korreksiya "Fitch" reytinq agentliyi tərəfindən də dəstəklənir. 2017-ci ildən sonra isə dolların güclənməsi ilə manatın növbəti korreksiyaları, hətta sərbəst dalğalanma siyasətinə keçid mümkün ola bilər. Belə bir qərar bazarın özünü tənzimləməsinə və yenidən canlanmasına gətirib çıxaracaq.

Son xəbərlər

Orphus sistemi