​Polşada iki Azərbaycan bankının fəaliyyətinə icazə verilib

​Polşada iki Azərbaycan bankının fəaliyyətinə icazə verilib Azərbaycanın iki kommersiya bankının Polşada törəmə qurumu yaratması ilə bağlı müraciəti müsbət cavablandırılıb
Maliyyə
5 Yanvar , 2015 16:10
​Polşada iki Azərbaycan bankının fəaliyyətinə icazə verilib

Bakı. 5 yanvar. REPORT.AZ/ Polşa mərkəzi bankı Azərbaycanın iki kommersiya bankına bu ölkənin maliyyə bazarına daxil olmasına rəsmən icazə verib. Bu, Azərbaycan Beynəlxalq Bankı (ABB) və "PAŞA Bank" ASC-dir. Bu barədə "Report"un sorğusuna cavab olaraq Polşa Maliyyə Nəzarəti İdarəsindən (KNF) məlumat verilib.

Polşada törəmə bank qurumunun yaradılması üçün ilk olaraq bir müddət əvvəl "PAŞA Bank"a, daha sonra isə ABB-yə razılıq verilib: "Polşa Dövlət İnkişaf Bankı (BGK) Azərbaycan Beynəlxalq Bankının Polşada yeni bank açması üçün razılıq verib. Razılıq əvvəlcə "PAŞA Bank" üçün də etibarlı olub. Bundan əlavə, Polşa Dövlət İnkişaf Bankı ixracatın inkişafına dəstək verilməsi məqsədilə Polşa və Azərbaycan şirkətləri üçün maliyyə fondları təklif edir. Azərbaycan şirkətləri kredit almaq üçün həm BGK, həm də Azərbaycan Beynəlxalq Bankı vasitəsilə müraciət edə bilərlər".

Qurum rəsmiləri Polşada yeni bank açmaq üçün minimum 5 mln. avro dəyərində sərmayə yatırmaq lazım olduğunu qeyd edirlər: "Polşada bankların açılması məsələsinə gəldikdə, əlbəttə ki, xarici sərmayəyə və kapitalın yatırılmasına açığıq. Hər hansı bir subyekt Polşada bank açmaq üçün Polşa Maliyyə Nəzarəti İdarəsindən icazə almalı və Polşanın bank qanunvericiliyində göstərilən tələblərə cavab verməlidir. Hər bankın idarə heyəti ən azı 3 nəfərdən ibarət olmalıdır ki, onların da arasında əcnəbi vətəndaşlar da yer ala bilər. Lakin kapital Polşa zlotu ilə ödənilməlidir. İlkin sərmayə Polşa Milli Bankı tərəfindən ödəniş günü elan edilən mübadilə məzənnəsinə müvafiq olmaqla, 5 mln. avrodan aşağı ola bilməz".

Qeyd edək ki, "PAŞA Bank"ın mətbuat xidməti "Report"a bu məlumatı təkzib edib: "PAŞA Holdinq"in 2015-2017-ci illər üçün müəyyən edilmiş strategiyasında Polşada hər hansı fəaliyyət nəzərdə tutulmayıb".

ABB-nin mətbuat xidmətindən isə bildirilib ki, bununla bağlı bankın mətbuat xidmətinə heç bir məlumat daxil olmayıb.

Xatırladaq ki, 2014-cü il dekabrın 15-də Bakıda keçirilən Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının iclasında çıxış edən komissiyanın azərbaycanlı həmsədri, energetika naziri Natiq Əliyev "PAŞA Bank" və ABB-nin Polşa maliyyə bazarına çıxmaq istəməsi ilə bağlı məlumat verib.

Son xəbərlər

Orphus sistemi