​"Paşa Həyat Sığorta"nın aktivləri artıb

​"Paşa Həyat Sığorta"nın aktivləri artıb Şirkət xalis mənfəətin həcmini aşıqlayıb
Maliyyə
4 Aprel , 2016 13:04
​Paşa Həyat Sığortanın aktivləri artıb

Bakı. 4 aprel. REPORT.AZ/ “Paşa Həyat Sığorta” ASC-nin ümumi aktivlərinin həcmi cari ilin yanvar ayının 1-nə 148,6 mln. manat təşkil edib. "Report"un şirkətə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 56,8 mln. manat və ya 62% çoxdur.

Şirkətin strateji direktoru İsrail Qarayev məlumat verib ki, hesabat dövründə şirkətin investisiya portfelinin həcmi 40,4 mln. manat və ya 51% artaraq 119,0 mln. manata, depozit pul vəsaitləri 40,2 mln. manat və ya 58% artaraq 110,0 mln. manata, həmçinin sığorta ehtiyatlarının həcmi 43,6 mln. manat və ya 96% artaraq 89,2 mln. manata çatıb.

İ.Qarayev qeyd edib ki, ötən il ərzində şirkətin ümumi gəlirləri 46,9 mln. manat olmaqla, əsas əməliyyat gəlirləri 54,8 mln. manat, investisiya gəlirləri 9,2 mln. manat və digər gəlirləri (valyuta məzənnə fərqindən yaranmış gəlir) isə 17,9 mln. manat təşkil edib.

“Eləcə də ümumi xərc 27,6 mln. manat olmaqla, əsas əməliyyat xərcləri 18,0 mln. manat, işlərin aparılması xərclərimiz isə 9,5 mln. manat təşkil edib. Gəlir və xərclərin yekunu olaraq, 2015-ci il üzrə maliyyə mənfəəti 19,3 mln. manat olub. Dövlətə ödənilən mənfəət vergisi - 3,9 mln. manat çıxıldıqdan sonra, 2015-ci il üzrə xalis mənfəət 15,4 mln. manat təşkil edib”, - deyə şirkət rəsmisi əlavə edib.

Qeyd edək ki, şirkətin ödənilmiş nizamnamə kapitalı 40,25 mln. manat olmaqla il ərzində sabit qalıb, bununla yanaşı cəmi kapital il ərzində 10,9 mln. manat və ya 25% artaraq 55,7 mln. manata çatdırılıb.

“Paşa Həyat Sığorta” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən həyatın müddətli sığortası, istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir.

Son xəbərlər

Orphus sistemi