"Paşa Bank" bankomatdan xarici valyutanın çıxarılmasına limit qoyub

"Paşa Bank" bankomatdan xarici valyutanın çıxarılmasına limit qoyub Bank müştərilərə kartla valyuta konvertasiyası tələb edən əməliyyat keçirməməyi tövsiyə edir
Maliyyə
12 Yanvar , 2016 10:12
Paşa Bank bankomatdan xarici valyutanın çıxarılmasına limit qoyub

Bakı. 12 yanvar. REPORT.AZ/ Valyuta bazarında baş verən məzənnə dəyişiklikləri ilə əlaqədar "Paşa Bank" ASC ödəniş kartları ilə valyutanın konvertasiyası şərtlərinə yenidən baxıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, milli valyutaya bağlı olan kart hesablarında Azərbaycanda və xaricdə konvertasiya əməliyyatları üçün 4% komissiya tətbiq edilib. Xarici valyutalarda olan kart hesabları üzrə konvertasiya üçün komissiya 0,5% həddində saxlanılıb. Multivalyutalı kartlar üzrə kartın fərqli valyutalarda olan hesabları arasında məbləğlərin köçürülməsi zamanı 0,5% komissiya, lakin bu kartlar üzrə AZN hesabına xarici valyutada ödəniş və ya nağd pulun çıxarılması həyata keçirildikdə 4% komissiya tətbiq edilib. Həmçinin, kartla Azərbaycanda ATM-dən xarici valyutada nağd pulun çıxarışı üzrə 200 USD/EUR/GBP məbləğində gündəlik limit təyin olunub.

Ödəniş kartları ilə valyuta konvertasiyası həyata keçirildikdə Azərbaycan Mərkəzi Bankı tərəfindən təyin edilən məzənnə (vəsaitin hesabdan silinmə gününə) və yuxarıda qeyd edilən müvafiq komissiya tətbiq olunur. Məzənnə dəyişməsindən yaranan riskləri və konvertasiya komissiyasını nəzərə alaraq, "Paşa Bank" müştərilərə kartla valyuta konvertasiyası tələb edən əməliyyat keçirməməyi tövsiyə edir. 

"Hər hansı valyutada əməliyyat keçirmək üçün hesabı həmin valyutada olan kartdan istifadə tövsiyə olunur. Multivalyuta kartları olduqda isə hesabın əsas valyutası və vəsaitin hansı valyuta sub-hesabında olması nəzərə alınmalıdır. Bu tövsiyələr müştərilərin mümkün itkilərdən qorunmasına xidmət edir", - deyə Bankdan bildirilib. 

Son xəbərlər

Orphus sistemi