Nikoloz Şurqaia: "Nikoil Bank"ın məsafəli xidmətlərinin çeşidi artacaq"

Nikoloz Şurqaia: "Nikoil Bank"ın məsafəli xidmətlərinin çeşidi artacaq" Sədr: "Banklara inam mütləq bərpa olunacaq"
Maliyyə
29 Avqust , 2016 10:29
Nikoloz Şurqaia: Nikoil Bankın məsafəli xidmətlərinin çeşidi artacaq

Bakı. 29 avqust. REPORT.AZ/ "Müştərilərə göstərilən xidmətlərin yaxşılaşdırılması üzrə işləməyə başlayacağıq, bankın fəaliyyətdə olan əməliyyat imkanlarına, fiziki və hüquqi şəxslər üçün risk-profilli məhsullara yenidən baxacağıq. Mobil bank, internet bank və digər məsafəli xidmətlərin çeşidi artacaq".

"Report"un verdiyi xəbərə görə, bu barədə "Nikoil Bank" ASC-nin İdarə Heyətinin sədri Nikoloz Şurqaia məlumat verib. 

O bildirib ki, müştərilərin rahatlığı üçün satış nöqtələrinin komfortu yaxşılaşdırılacaq: "Satış nöqtələrinin optimallaşdırılması, onların idarə edilməsi, biznesin planlaşdırılması və qiymətləndirilməsi ilə məşğul olacağıq. Nadir hallarda, bizdən tələb olunanı verə bilmədikdə, bunu dürüst və açıq şəkildə bildirəcəyik".

"Bu gün də biz, iqtisadi aktivliyin azalmasına baxmayaraq kənd təsərrüfatı, istehsal, turizmə cəlb olunmuş şirkətlər və ümumi fərdi sahibkarlarla aktiv işləyirik. Əlbəttə ki, kredit üçün müraciətləri diqqətlə təhlil edirik. Bu proses hər iki tərəf üçün fayda daşıyır. Bankın maliyyə dəstəyi var. Yaxın gələcəkdə səhmdarlar bankın kapitalının artırılması niyyətindədirlər. Həmçinin, düzgün korporativ idarəetmə bacarıqları mövcuddur. Və mən ümid edirəm ki, tezliklə bu istiqamətdə ən yaxşı təcrübəni reallaşdıracağıq", - deyə N.Şurqaia qeyd edib.

Onun sözlərinə görə, prosesin düzgün tənzimlənməsi zamanı işçilərin sayının azaldılması sektorun sağlamlaşdırılmasına gətirib çıxaracaq.

"Təxminən son 20 il ərzində bank sektorunda baş vermiş fasiləsiz artıma cavab olaraq, bank sistemində indi əhəmiyyətli dəyişikliklər baş verir. Bankların və bank kreditlərinin sayının azalması bank işçilərinin, eləcə də müştərilərin, xüsusilə, borcalanlar üçün ağrılı bir prosesdir. Lakin cəmiyyətə faydalı olması baxımından müsbət tərəfləri də çoxdur. Bu sektorda çalışanların ümumi sayının azalması, biznesin riskliliyinin azalması, avtomatlaşdırma və səmərəliliyin artırılması bank sənayesinin ümumi yaxşılaşdırılması üçün atılan addımların bir hissəsidir. Banklar əsasən bacarıqlı mütəxəssislərlə komplektləşdirilir və yeni iqtisadi şəraitə adaptasiya olur", - deyə İdarə Heyətinin sədri əlavə edib.

O bildirib ki, banklar maliyyə sektoru müştərilərinin və cəmiyyətin tələblərini qarşılamaq üçün dəyişiklikləri davam etdirəcək: "Banklara inam da mütləq bərpa olunacaq. Amma gələcəyin bankları keçmiş və bugünkü banklardan çox fərqlənəcək".

Qeyd edək ki, hazırda "Nikoil Bank"ın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.

Son xəbərlər

Orphus sistemi