Bakı. 20 may. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının (ABB) "toksik" aktivlərinin təmizlənməsi işləri davam etdirilir. "Report"un verdiyi xəbərə görə, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.
“Şübhəsiz ki, əvvəl qiymətləndirmə aparılır. Əvvəl bununla bağlı Mərkəzi Bankın, indi isə Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən normativ sənədləri mövcuddur. Bu sənədlərə uyğun olaraq bankların aktivləri, yəni kreditlərin təsnifatı həyata keçirilir və təsnifata əsasən, onların problemli və ya problemsiz olduğu müəyyən edilir. Təsnifata əsasən, Beynəlxalq Bankda problemli aktivlərin olduğu müəyyən edilib. Bu proses davam edir. Nəzərə almaq lazımdır ki, devalvasiya nəticəsində əlavə problemlərin yaranması da bankda özünü büruzə verib. Maliyyə Bazarlarına Nəzarət Palatası yenidən aktivlərin təsnifləşdirilməsi nəticəsində problemin daha dəqiq səviyyəsi və məbləğini müəyyən edəcək”, - deyə nazir əlavə edib.