Monitorinq iştirakçılarının məlumatları Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinə təqdimetmə proseduru dəyişdirilib

Monitorinq iştirakçılarının məlumatları Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinə təqdimetmə proseduru dəyişdirilib Qərarı AMB sədri Elman Rüstəmov imzalayıb
Maliyyə
11 Mart , 2016 11:48
Monitorinq iştirakçılarının məlumatları Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinə təqdimetmə proseduru dəyişdirilib
Elman Rüstəmov / Elman Rüstəmov

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) “Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması Qaydaları”nda dəyişikliklər edib.

“Report”un xəbərinə görə, qərarı AMB sədri Elman Rüstəmov imzalayıb.

Maliyyə Monitorinqi Xidməti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində təqdim olunmuş məlumatların avtomatlaşdırılmış qaydada qeydiyyata alınması, vahid şəkildə toplanması, emalı və sonrakı təhlili məqsədi ilə Maliyyə Monitorinqi Xidməti tərəfindən təşkil edilmiş xüsusi təyinatlı informasiya sistemidir.

Monitorinq iştirakçıları 20 000 manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bu məbləğdən yuxarı pul vəsaitləri və ya digər əmlakla nağd şəkildə həyata keçirilən əməliyyatlar barədə Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim etməlidirlər.

İndiyədək məbləğindən asılı olmayaraq, pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan, pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə) olan şəxslərlə, eləcə də göstərilən dövlətlərdə (ərazilərdə) qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə əlaqədar pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatlar, xarici dövlətlərin siyasi xadimlərinin pul vəsaitləri və ya digər əmlakla əməliyyatları, Azərbaycanın yurisdiksiyasından kənardakı anonim hesabdan pul vəsaitlərinin daxil olması və ya Azərbaycan Respublikasının yurisdiksiyasından kənara anonim hesaba pul vəsaitlərinin köçürülməsi əməliyyatları barədə məlumatlar monitorinq iştirakçıları tərəfindən Maliyyə Monitorinqi Xidmətinə təqdim olunur.

Dəyişilikliyə əsasən, bundan sonra terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin, habelə bu şəxslərin sahibliyində və ya nəzarətində olan hüquqi şəxslərin, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin aktivləri və həmin aktivlərlə əməliyyatlar barədə məlumatlar monitorinq iştirakçıları tərəfindən Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi tələb olunacaq.

Dəyişikliklə, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim olunan məlumatlar sırasından Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən siyahısı təsdiq edilmiş barələrində sanksiyalar tətbiq edilməli olan şəxslərin əməliyyat(lar)ına dair məlumat çıxarılıb.

Əvəzinə isə terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin, habelə bu şəxslərin sahibliyində və ya nəzarətində olan hüquqi şəxslərin, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin aktivlərinə və həmin aktivlərlə əməliyyatlara dair məlumat daxil edilib.

Son xəbərlər

Orphus sistemi