​Millət vəkili: "Azərbaycan Dövlət Neft Fondu investisiya siyasətinə yenidən baxmalıdır"

​Millət vəkili: "Azərbaycan Dövlət Neft Fondu investisiya siyasətinə yenidən baxmalıdır" Buna səbəb Rusiya rublunun son aylar ərzində kəskin dəyərdən düşməsidir
Maliyyə
19 Noyabr , 2014 13:27
​Millət vəkili: Azərbaycan Dövlət Neft Fondu investisiya siyasətinə yenidən baxmalıdır

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Rusiya rublunun son aylar ərzində kəskin şəkildə dəyərdən düşməsi səbəbindən yeritdiyi investisiya siyasətinə yenidən baxmalıdır. "Report"un xəbər verdiyi kimi, bunu parlamentdə Azərbaycanın 2015-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı aparılan müzakirələrdə millət vəkili Fərəc Quliyev təklif edib: "Azərbaycan Dövlət Neft Fondu rubl siyasətinə yenidən baxmalıdır".

Deputat həmçinin qeyd edib ki, ARDNF Rusiya rubluna investisiya yatırır və bu valyutanın dəyəri aşağı düşdüyünə görə, Fondun məcmu aktivləri azalır: "Rublun dəyəri aşağı düşür. Belə getsə, rubla qoyulan aktivlərimiz azalacaq. Hesab edirəm ki, Fondun rubl siyasətinə redaktələr edilməlidir. Buna görə də büdcənin neft gəlirlərindən asılılığını azaltmaq üçün ciddi tədbirlərin görülməsi vacibdir".

Daha sonra çıxış edən millət vəkili Yevda Abramov bildirib ki, 2015-ci il dövlət büdcəsinin layihəsində hərbi xərcləri artırmaq lazımdır: "Müharibə şəraitində olan ölkənin hərbi xərclərinin artırılmasına ehtiyac var. Bizim başqa çarəmiz yoxdur. Biz müharibə vəziyyətində yaşayırıq. Buna görə də hərbi xərclər daha da artırılmalıdır".

Qeyd edək ki, bu ilin oktyabrın 1-nə ARDNF-nin məcmu aktivləri 37,305 mlrd. ABŞ dolları təşkil edib və bunun yalnız 1,1%-i rublda ifadə olunub.

Xatırladaq ki, Azərbaycanın 2015-ci il dövlət büdcəsinin layihəsində müdafiə məqsədləri üçün nəzərdə tutulan xərclər ümumi büdcə məsrəflərinin 17,9%-ni təşkil edəcək. Müdafiə xərcləri 2014-cü ilin proqnoz göstəricisindən 3,1% çox olacaq. Azərbaycanın 2015-ci il dövlət büdcəsinin layihəsində gəlirlər 19,438 mlrd. manat, xərclər isə 21,100 mlrd. manat həcmində proqnozlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi