"MasterCard" Azərbaycanda nağdsız ödənişlərin inkişafına dəstək olacaq

"MasterCard" Azərbaycanda nağdsız ödənişlərin inkişafına dəstək olacaq Təşkilatın baş müşaviri Azərbaycan bazarına marağın artdığını, ölkəyə ayrılan maliyyə və digər resursların artırılacağını deyıb
Maliyyə
20 May , 2016 18:37
MasterCard Azərbaycanda nağdsız ödənişlərin inkişafına dəstək olacaq

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Bakıda səfərdə olan “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının baş müşaviri və franşiza üzrə rəhbəri Timoti Mörfinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, görüş zamanı “MasterCard Worldwide” təşkilatı ilə Mərkəzi Bank arasında birgə əməkdaşlıq imkanları, o cümlədən Azərbaycanda kart ödənişlərinin artırılması və nağdsız iqtisadiyyatın inkişafı üzrə strateji əməkdaşlıq istiqamətlərinə dair məsələlər müzakirə edilib.

E.Rüstəmov Mərkəzi Bank tərəfindən ölkədə nağdsız hesablaşmaların inkişafı və əhatə dairəsinin genişləndirilməsi məqsədilə mütəmadi əsasda tədbirlər həyata keçirilərək bu sahədə beynəlxalq tendensiyaların daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Qeyd edilib ki, hazırda AMB tərəfindən nağdsız hesablaşmaların artırılması sahəsində prioritet istiqamət olaraq elektron ödəniş infrastrukturunun inkişaf etdirilməsi və əhatə dairəsinin genişləndirilməsi, nağdsız ödənişlərdə innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi, elektron ödəniş xidmətlərinin institusional bazasının gücləndirilməsi, əhali və iqtisadi subyeklərin elektron ödəniş xidmətlərindən istifadəyə cəlb edilməsi müəyyən edilib.

T.Mörfi nağdsız ödənişlərin inkişafının "MasterCard"ın bütün ölkələr üzrə fəaliyyətinin ən mühüm prioritetlərindən biri olduğunu qeyd edərək bu sahədə təşkilatla AMB arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıb. 

Eyni zamanda T.Mörfi "MasterCard"ın Azərbaycanda inkişaf tempinin gələcəkdə də saxlanılacağına inamlı olduğunu bildirərək, yerli bazara marağın getdikcə artdığını qeyd edib. Bu məqsədlə o, Azərbaycan üzrə işçi heyətinin genişləndiyini, ölkəyə ayrılan maliyyə və digər resursların getdickə artacağına əminliyini ifadə edib. Azərbaycanda nağdsız ödənişlərin inkişafına yaxından dəstək olacağını qeyd edərək, T.Mörfi Mərkəzi Bankla həm strateji çərçivələrin hazırlanması, həm də qabaqcıl texnologiyaların ölkəyə gətirilməsi baxımından yaxından əməkdaşlıq edəcəyini bildirib.

Görüşdə həmçinin AMB ilə "MasterCard" arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri və ölkədə ödəniş kartları bazarının və kart infrastrukturunun inkişaf etdirilməsi kimi məsələlər də müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi