Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun işində nöqsanlar aşkarlanıb

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun işində nöqsanlar aşkarlanıb ​ Hesablama Palatası Dünya Bankından cəlb edilmiş kredit vəsaitlərinin istifadəsini yoxlayıb
Maliyyə
29 Dekabr , 2015 10:34
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun işində nöqsanlar aşkarlanıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti kollegiya iclasında Azərbaycan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) tərəfindən həyata keçirilən “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi Layihəsi" üzrə 2012-2014-cü illərdə dövlət büdcəsi və Dünya Bankından cəlb edilmiş kredit vəsaitlərinin istifadəsi ilə bağlı auditin nəticələri müzakirə olunub.

"Report"un Palataya istinadən verdiyi xəbərə görə, auditor layihənin əsas hədəf göstəricilərindən biri olan faydalananların tərkibində məcburi köçkünlərin sayının icma mikrolayihələrinin həyata keçirilməsi və ictimai yaşayış binalarının (İYB) təmiri və bərpası üzrə nəzərdə tutulmuş göstəricilərə tam riayət edilmədiyini bildirib.

Gəlir əldə etməyə imkan verən fəaliyyət alt-komponenti üzrə isə yaradılmış mikromüəssisələrin əksəriyyətinin heyvandarlıq və kənd təsərrüfatı sahələrində təşkil edildiyini, əhatə edilən ailələrin müəyyən edilmiş aylıq gəlirinin məbləği, habelə yaradılmış MMC-lərin fəaliyyətinin davamlılıq və gəlirlilik vəziyyəti üzrə hədəflər izlənmədiyini diqqətə çatdırılıb.

Həmçinin, mikromaliyyə proqramları çərçivəsində ayrılmış mikrokreditlərin nəzərdə tutulmuş kontingentin 53,1%-ni təşkil etdiyi, bunun isə 71,4%-nin əvvəlki illərdə kredit alan şəxslərdən ibarət olduğu bildirilib. Eyni zamanda, seçilmiş kredit ittifaqları tərəfindən kreditlər verilərkən hesablanmış faizlər üzrə qalıq borclarının yarandığı və bu qalıqların ilbəil artdığı bildirilib.

Daha sonra auditor əldə olunmuş auditor rəyində əks olunmuş tövsiyələri diqqətə çatdıraraq MKSİF-in fəaliyyət prinsipləri, Dünya Bankının kreditləri cəlb edilməklə həyata keçirilən layihələrin şəffaf və dəqiq əlaqələndirilməsi və icra olunması üzrə Fond tərəfindən əməl olunmalı qayda və proseduraları müəyyən edən “Əməliyyat Rəhbərliyi” sənədinin Fondun nizamnaməsinə uyğun təsdiq olunması, icma mikrolayihələrininin həyata keçirilməsi komponenti üzrə mikrolayihələrin seçimi zamanı müəyyən edilmiş meyarlar və qaydalara tam riayət olunmasını zəruri hesab edib. Həmçinin, layihənin icra müddəti ərzində faydalananların sayı və tərkibi üzrə müəyyən olunmuş hədəf göstəricilərinə və müvafiq sosial meyarlara nail olunmasına nəzarətin gücləndirilməsi, o cümlədən faydalananların say tərkibində məcburi köçkünlərin sayının artırılması, infrastruktur mikrolayihələri həyata keçirilmiş obyektlərdə benefisiarların nəticələrdən istifadə imkanlarının artırılması, məcburi köçkünlərin təşkilatlanması ilə yaradılan mikromüəssisələr tərəfindən fəaliyyət növlərinin kənd təsərrüfatı ilə bağlı sahələrlə yanaşı, digər sahələrdən də seçilməsinin həvəsləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədəmüvafiq hesab edilib.

Nəzarət tədbirinin nəticələri üzrə Kollegiya qərarının layihəsi də müzakirə edilərək qəbul olunub. Qərar icra edilməsi məqsədilə MKSİF-a göndərilib.

Son xəbərlər

Orphus sistemi