MDB və Şərqi Avropa ölkələrinin qızıl-valyuta ehtiyatlarına görə reytinqi açıqlanıb

MDB və Şərqi Avropa ölkələrinin qızıl-valyuta ehtiyatlarına görə reytinqi açıqlanıb Cəmi 3 ölkənin ehtiyatlarında azalma qeydə alınıb
Maliyyə
15 Aprel , 2016 14:46
MDB və Şərqi Avropa ölkələrinin qızıl-valyuta ehtiyatlarına görə reytinqi açıqlanıb

Bakı. 15 aprel. REPORT.AZ/ Mart ayında MDB və Şərqi Avropa ölkələrinin əksəriyyətində qızl-valyuta ehtiyatları (QVE) üzrə artım qeydə alınıb. "Report"un "Delovaya Qazeta"ya istinadən verdiyi xəbərə görə, martda QVE artımına səbəb neft hasilatçısı olan ölkələrdə neftin qiymətinin son zamanlar artması, Avropa İttifaqı (Aİ) ölkələrində valyuta ehtiyatlarının əsasən avroda olması səbəbindən avronun möhkəmlənməsi, Belarusda isə Avrasiya Stabilləşmə və İnkişaf Fondunun bu ölkəyə ayırdığı kreditin ilk tranşı olub.

QVE dəyişikliyi reytinqində 17 ölkə arasında yalnız 3 ölkə - Ukrayna, Ermənistan və Macarıstanda QVE-nin həcmi azalıb, artım isə Bolqarıstan və Çexiyada qeydə alınıb (bu ölkələrin ehtiyatları tarixi maksimuma çatıb).

Neft-qaz hasilatçısı ölkələrdə valyuta ehtiyatları xüsusi strateji fondlarda toplanıb. Bunların sırasında Azərbaycan Dövlət Neft Fondu (ARDNF), Qazaxıstan Milli Fondu və Rusiyanın Ehtiyat və Milli Rifah fondları yer alıb. Məcmu dövlət QVE-lərinin 2016-cı il martın 1-nə bu fondlarda payı Rusiyada 32%, Qazaxıstanda 69,3%, Azərbaycanda isə 89,1% təşkil edib. ARDNF-in məcmu QVE-də payının artmasının səbəbi Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının 2015-2016-cı illərdə kəskin azalması ilə bağlıdır.

Mütləq göstəriciyə görə QVE həcmi ən yüksək olan ölkə Rusiya (387 mlrd. dollar) olub. İkinci sırada Şərqi Avropanın ən böyük iqtisadiyyatına sahib olan Polşa (100,5 mlrd. dollar) yer alıb.

Adambaşına düşən QVE-yə görə MDB və Şərqi Avropa ölkələri arasında liderlik edən Çexiyadır (6 920 dollar). Qazaxıstan ikinci yerdə (5 230 dollar), Azərbaycan isə üçüncü sırada (3 820 dollar) qərarlaşıb. Qeyd edək ki, Azərbaycan keçən il bu göstərici üzrə ikinci sırada olub.

Mart ayında QVE-nin ən yüksək nominal artımı Rusiyada (6,46 mlrd. dollar) qeydə alınıb. Azərbaycanda isə artım 10 mln. dollar təşkil edib.

Son 12 ayda QVE-nin mütləq artımına görə lider də Rusiya (30,64 mlrd. dollar) olub. Çexiya (20,63 mlrd. dollar) ikinci, Bolqarıstan (3,92 mlrd. dollar) üçüncü yerdə qərarlaşıb. Azərbaycanın son bir ildə QVE-si 7,22 mlrd. dollar azalıb. Azalanlar sırasında 6,05 mlrd. dollarla Qazaxıstan və 8,29 mlrd. dollarla Macarıstan da var.

Son bir ildə nisbi olaraq artım ən çox Çexiyada (39,3%) baş verib. Ukraynada artım 27,6%, Bolqarıstanda 19,2% olub. Ən çox azalanlar sırasında Azərbaycan (16,3%) və Macarıstan (20,9%) da var.

Adambaşına düşən QVE üzrə ən çox artım son bir ildə Çexiyada (1 945 dollar), ən çox azalma isə Azərbaycanda (795 dollar) və Macarıstanda (835 dollar) qeydə alınıb.

QVE-nin maksimal tarixi səviyyələri sıralamasında Rusiya 596,6 mlrd. dollarla liderdir. İkinci sırada Polşa (112 mlrd. dollar), üçdə - Qazaxıstan (105,4 mlrd. dollar) yer alıb. Azərbaycanın tarixi maksimumu isə 52,79 mlrd. dollar olub.

Adambaşına düşən QVE üzrə tarixi maksimum Çexiyada 6 920 dollar, Qazaxıstanda 6 060 dollar, Azərbaycanda 5 540 dollar təşkil edib.

QVE-nin maksimum səviyyədən ən çox geriləmə Rusiyada (209,6 mlrd. dollar), Ukraynada (25,63 mlrd. dollar), Macarıstanda (22,95 mlrd. dollar) və Azərbaycanda (15,6 mlrd. dollar) qeydə alınıb.

Tarixi maksimal QVE səviyyəsindən nisbi olaraq ən çox azalma Ukraynada (- 66,8%) olub, Azərbaycanda isə bu göstərici 29,5% təşkil edib.

Adambaşına QVE-nin tarixi maksimal səviyyədən azalması mütləq rəqəmlərlə ən çox Macarıstanda (- 2 265 dollar) və Azərbaycanda (- 1 720 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi