MDB ölkələri ali audit qurumları Rəhbərlər Şurasının növbəti iclası Bakıda keçiriləcək

MDB ölkələri ali audit qurumları Rəhbərlər Şurasının növbəti iclası Bakıda keçiriləcək Sonuncu toplantı iyunun 7-8-də Minskdə (Belarus) keçirilib
Maliyyə
8 İyun , 2016 13:54
MDB ölkələri ali audit qurumları Rəhbərlər Şurasının növbəti iclası Bakıda keçiriləcək

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti iyunun 7-8-də MDB ölkələri ali audit qurumları Rəhbərlər Şurasının Minskdə (Belarus) keçirilən XVI sessiyasında iştirak edib. Bu barədə “Report”a Palatanın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, sessiyanın mövzusu, əvvəlcədən əldə edilmiş razılıq əsasında, “MDB-yə üzv olan ölkələrin ali audit qurumlarının iqtisadi təhlükəsizliyin təmin edilməsində rolu: müasir yanaşmalar, yeni perspektivlər və imkanlar, baş verən dəyişikliklərə adaptasiya” kimi müəyyən edilib.

Səfər çərçivəsində Hesablama Palatasının sədri V.Gülməmmədovun Belarus Dövlət Nəzarət Komitəsinin sədri Leonid Anfimovla görüşü baş tutub. İkitərəfli görüşdə qurumlar arasında mövcud əməkdaşlığın və münasibətlərin daha da inkişaf etdirilməsi, o cümlədən iki qurum arasındakı imzalanmış əməkdaşlığa dair saziş çərçivəsində gələcək əməkdaşlıq perspektivləri və kənar maliyyə auditi sahəsində bilik və təcrübə mübadiləsinin inkişaf etdirilməsi məsələləri də müzakirə edilib.

Sessiyada üzv AAQ-ların sessiyalararası dövrdə fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib, o cümlədən, Şuranın Əsas milli göstəricilər üzrə Ekspert Qrupunun, Maliyyə nəzarəti standartlarının hazırlanması üzrə İşçi Qrupunun, Şuranın Katibliyinin fəaliyyəti ilə bağlı hesabatlar da müzakirə edilib.

V.Gülməmmədov sessiya zamanı “İqtisadi təhlükəsizlik probleminin həllində ali audit qurumlarının rolu” mövzusunda çıxış edib, “Azərbaycanın milli təhlükəsizlik konsepsiyası” ilə təsdiq edilmiş əsas istiqamətlər barədə məlumat verib. Sədr çıxışında AAQ olaraq müəyyən olunmuş əsas riskləri diqqətə çatdıraraq, bu risklərə xarici amillərin təsiri ilə dövlət gəlirlərinin həcminin azalması, dövlətin borc öhdəlikləri və valyuta ehtiyatlarının yetərliliyi kimi amillərlə yanaşı büdcə vəsaitlərinin səmərəli və qənaətli istifadəsinə nəzarət sisteminin tam təmin edilməməsini də aid edib. V. Gülməmmədov hər bir risk üzrə AAQ-ların rolu və Azərbaycan Hesablama Palatası tərəfindən atılan və nəzərdə tutulan addımlar barədə məlumat verib.

Sessiya çərçivəsində ali audit qurumlarının rəhbərləri Belarus Prezidenti Aleksandr Lukaşenko ilə də görüşüblər.

Sessiyada Hesablama Palatasının nümayəndə heyəti ilə yanaşı Rusiya, Belarus, Qırğızıstan, Moldova, Tacikistan və Qazaxıstan nümayəndələri iştirak ediblər. Eyni zamanda, Slovakiya Ali Nəzarət İdarəsinin əməkdaşları da müşahidəçi qismində tədbirə qatılıblar.

Sessiyanın sonunda Şuranın 2017-ci ildə keçiriləcək növbəti sessiyasına Azərbaycan Hesablama Palatasının sədrlik etməsi ilə bağlı qərar qəbul olunub.

Son xəbərlər

Orphus sistemi