​Kredit götürən şəxs dünyasını dəyişərsə onun borcunun taleyi necə olur? - ARAŞDIRMA

​Kredit götürən şəxs dünyasını dəyişərsə onun borcunun taleyi necə olur? - ARAŞDIRMA Bank anlamalıdır ki, sığorta şirkətinin verdiyi təminat girovdan daha etibarlıdır
Maliyyə
31 İyul , 2015 15:02
​Kredit götürən şəxs dünyasını dəyişərsə onun borcunun taleyi necə olur? - ARAŞDIRMA

Bakı. 31 iyul. REPORT.AZ/ "Zamin durduğum adamın ailəsində faciə olandan sonra bank bizə bildirdi ki, qalan borc bağlanacaq. Amma sonra onlar bizi cağırıb bildirdilər ki, borcu bağışlaya bilməyəcəklər. Yalnız kredit faizlərini silə bilərlər. Səbəb kimi isə kreditin sığortalanmamasını göstərirdilər". Bunu "Access Bank" QSC-nin filiallarından birindən kredit götürən qohumu üçün zamin duran İradə İsmayılova deyir.

İ. İsmayılova qohumunun götürdüyü kreditin 7 ayını ödədiyini, amma iyunda baş verən faciə nəticəsində dünyasını dəyişdiyi üçün ödəniş edilmədiyini deyib:

"Kredit götürən adam 7 ayı ödəmişdi. Qalırdı 5 ay. Ailəsi demişdi ki, qalan krediti onlar ödəyəcəklər. Amma əgər ödəməsələr zamin mən olduğumçün ayda 157 manat ödəməliyəm".

Qeyd edək ki, adıçəkilən bankın müştərisi olan, Bakının Qobu kənd sakini Həmid Nadirov iyunun əvvəllərində qaz sızması nəticəsində baş verən partlayışda həyat yoldaşı və iki azyaşlı övladı ilə birlikdə dünyasını dəyişib.

Müştəri haqqında məlumat vermək bank sirrinə ziddir

"Access Bank"dan "Report"a verilən açıqlamada isə adıçəkilən müştəri ilə bağlı məlumatların bank sirri olduğu üçün açıqlanmadığını qeyd edilib:

Bank bu tipli halların baş verməsi halında proseslərə individual qaydada yanaşıldığını, hadisənin hüquqi tərəflərinin isə qanunvericiliklə həll edildiyini açıqlayıb:

"Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 558.1-ci maddəsinin tələbinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin məcəllənin 1153-cü maddəsinə əsasən isə şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Kredit müqaviləsi üzrə icra borclunun şəxsi iştirakı olmadan mümkün olduğu üçün kredit müqaviləsi üzrə onun borcu vərəsəsinə (vərəsələrinə) keçir. Belə ki, həmin məcələnin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 477-ci məcəlləsində zaminliyə xitam verilməsinin əsasları sadalanır və orada borclunun ölməsinə görə zaminliyə xitam verilməsi halı nəzərdə tutulmamışdır. Yekun olaraq, borclu vəfat etdikdə kredit müqaviləsi üzrə borcun vərəsələrdən və zamindən tutulması üçün məhkəmədə iddia qaldırılır" bankın cavabında deyilir.

Hüquqşünas qanunvericilikdə bankın haqlı olduğunu deyir

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov qanunvericilikdə bu məsələnin "Mülki Məcəllə"nin müddəaları ilə mübahisələndirildiyini qeyd edir:

""Mülki Məcəllə"yə görə, kredit götürən şəxs dünyasını dəyişərsə kredit borcu onun mülkiyyəti hesabına ödənilir. Amma konkret bu halda vətəndaşın mülkü də olmadığı üçün məsuliyyət zaminin üzərinə düşür. Yəni zamin qalan kredit borcunu ödəməlidir".

Ə. Həsənov hesab edir ki, bu halda bankın zaminə etmək istədiyi faiz güzəştləri də əhəmiyyətlidir:

"Amma zamin gərək bu kredit faizinin bağışlanması ilə bağlı bankdan sənəd alsın. Bu sonra yarana biləcək hansısa mübahisələrin də qarşısını ala bilər".

"Azərbaycan Respublikasının Mülki Məcəlləsi"nin 470-ci bəndi zaminlik müqaviləsinə aiddir. Məcəllənin 470.1.-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

Bu məcəllənin 470.2.-ci maddəsində isə belə deyilir:

"Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər".

Girov yoxsa sığorta?

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı deyir ki, bu müştərilərin kreditlərin sığortalanmasında maraqlı olmamasının səbəbini kredit faizlərinin yüksək olmasında görür:

"Bu sığorta növü Mülki Məsuliyyətin sığortası sinfinə aiddir. Dünya praktikasında bu Kredit öhdəliklərinə görə mülki məsuliyyətin icbari yaxud könüllü sığortası adlanır. Müştərilərin marağının az olmasına əsas səbəblərdən biri banklarda kredit faizlərinin və digər əlavə bank xərclərinin çox olmasıdır. Əslində isə ən vacib olan sığortadır. Bank anlamalıdır ki, sığorta şirkətinin verdiyi təminat girovdan daha etibarlıdır. Vətəndaş krediti ödəməkdə çətinlik çəkəndə qarşıya bir çox problemlər çıxa bilər və bu da illərlə vaxt apara bilər. Təsəvvür edin girov bir evdir. Onu qiymətləndirmək, satışını reallaşdırmaq, hətta ola bilər ki, orda qeydiyyatda əlavə adamlar olsun onlarla razılığa gəlmək hamısı əlavə problemlərə yol aça bilər".

X. Məmmədxanlı bu növ sığorta əməliyyatlarının çox az sığorta şirkətlərinin apara biləcəyini deyib:

"Bəzi banklar kredit götürmək istəyən şəxsin həyatını və ya əmək qabiliyyətini məcburi sığorta etdirir. Nəzərə almaq lazımdır ki, bu bir qədər spesifik sığorta növü olduğu üçün sığorta şirkətlərinin heç də hamısı bu sığorta növü ilə məşğul deyil. Hesab edirəm ki, bu ən əhəmiyyətli sığorta növlərindən biridir və statistik göstəricilər də onu göstərir ki, problemli kreditlərin əhəmiyyətli hissəsi bu növ problemlərin payına düşür" - deyə ekspert bildirib.

Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin 2015-ci ilin birinci yarısı üçün açıqladığı rəqəmlərə görə, kreditlərin sığortalanması üzrə yığımlar ötən ilin eyni dövrü ilə müqayisədə 29 dəfə artaraq 436 900,57 manat olub. Bu ilin yanvar-iyun ayları üçün həmin sığorta növü üzrə ödənişlər 2014-cü ilin ilk altı ayı ilə müqayisədə 35 dəfə artaraq 95 834,48 manat olub.

Son xəbərlər

Orphus sistemi