​"Kapital Bank" yeni bonus layihəsinə başlayıb

​"Kapital Bank" yeni bonus layihəsinə başlayıb Bank müştərilərinin kartlarına əlavə pul köçürəcək
Maliyyə
17 Oktyabr , 2014 14:22
​Kapital Bank yeni bonus layihəsinə başlayıb
Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanın "Kapital Bank" ASC müştərilər üçün “Kapital Bonus” layihəsinin icrasına başlayıb. Bu barədə "Report"a Bankın mərkəzi ofisindən məlumat verilib.

Azərbaycanda ən böyük müştəri bazasına malik olan "Kapital Bank"ın 2,2 mln. nəfərdən çox aktiv kart sahibləri bu imkandan faydalana biləcəklər. Belə ki, Bankın bütün ödəniş kartlarının sahibləri üçün nəzərdə tutulan layihə iki istiqaməti əhatə edir. "Kapital Bank"ın kart sahibləri həm ölkə daxilində, həm də istənilən ölkədə kartları ilə alış-veriş zamanı Bank öz komissiya gəlirlərinin bir hissəsini müştərinin kart hesabına geri qaytarır.

Layihənin ikinci istiqamətində isə "Kapital Bank" Azərbaycan daxilində fəaliyyət göstərən müxtəlif ticarət, xidmət, ictimai iaşə müəssisələri ilə anlaşaraq özünün kart sahiblərinə xüsusi güzəştlər tətbiq edir. Nəticədə, kart sahibləri Bankın tərəfdaşlıq etdiyi ticarət və xidmət şəbəkələrində ödəniş apararkən 2%, 3%, 10% və s. həcmdə bonus qazanacaqlar. Bonus məbləği, əməliyyat gününün səhəri müştərinin kart hesabına nağd pul şəklində geri qaytarılır.

Layihə yeni başlansa da, artıq 100-dən çox ticarət və xidmət nöqtəsində “Kapital Bonus” güzəştləri tətbiq olunur. Partnyorların siyahısı və “Kapital Bonus” layihəsi üzrə aktiv kampaniyalar barədə www.kapitalbonus.az saytından ətraflı məlumat əldə etmək olar.

"Kapital Bank"ın İdarə Heyəti sədrinin I müavini Fərid Məmmədov bildirib ki, bu, müştərilər üçün bir loyallıq proqramıdır: “Apardığımız bazar araşdırmaları ilə müştərilərimizin istək və ehtiyaclarını təhlil edərək onlar üçün maraqlı olan prioritet istiqamətlər müəyyənləşdirməyə çalışdıq. Hazırda “Kapital Bonus” layihəsi bir sıra tibb müəssisələrində, məişət texnikası, geyim və s. mağazalarında tətbiq olunur. Gələcəkdə tərəfdaşlarımızın sayı və fəaliyyət sahəsi üzrə xidmət çeşidinin artırılmasını nəzərdə tuturuq”.

Xatırladaq ki, hazırda "Kapital Bank"ın ölkə üzrə ümumilikdə 89 filialı və 8 şöbəsi var.

Son xəbərlər

Orphus sistemi