​"Kapital Bank" gücləndirilmiş iş rejiminə keçib

​"Kapital Bank" gücləndirilmiş iş rejiminə keçib "Kartların verilməsini sürətləndirmək məqsədilə bankın müvafiq filiallarında iş qrafiki dəyişib"
Maliyyə
23 İyul , 2015 18:32
​Kapital Bank gücləndirilmiş iş rejiminə keçib

Bakı. 23 iyul. REPORT.AZ/ "Kapital Bank" iyulun 16-dan etibarən plastik kartların paylanması prosesinə start verib. Hazırda bununla bağlı bankın 10 Bakı və 26 regional filialı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bu barədə "Report"a bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, artıq on minlərlə insan yalnız şəxsiyyət vəsiqəsilə "Kapital Bank"ın müvafiq filialına yaxınlaşaraq növbəlik prinsipi ilə öz ödəniş kartlarını alıb və müvafiq vəsaitləri bankın bankomatlarından nağdlaşdıra bilib: "Kartların verilməsini sürətləndirmək məqsədilə bankın müvafiq filiallarında iş qrafiki dəyişib. Belə ki, filiallar həftə içi 09:00-dan 20:00-dək, şənbə və bazar günləri isə 09:00 – 18:00-dək müştərilər üçün açıq olacaq. Gücləndirilmiş iş rejimi iyul ayının sonunadək qüvvədə qalacaq.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən sosial müavinətlərin və təqaüdlərin plastik kartlarla bankomatlar vasitəsilə ödənişi xidmətlərinin satınalması üzrə may ayında tender elan edilib. Tenderdə "Kapital Bank" qalib seçilib və bu ilin iyul ayının əvvəlindən etibarən respublika üzrə bütün sosial müavinət və təqaüdlərin plastik kartlarla ödənilməsi xidmətinə başlanılıb. Bununla əlaqədar olaraq, müvafiq ƏSMM-lər "Kapital Bank"ın şəhər və rayon filiallarına vətəndaşlar üçün plastik kartların hazırlanması və təqdim olunması ilə bağlı artıq sifarişlərini həyata keçiriblər.

“Bankın bu istiqamətdə keçirilmiş tenderdə qalib gəlməsi uğur olmaqla yanaşı, həm də məsuliyyət deməkdir və bizim üçün böyük şərəfdir ki, respublika əhəmiyyətli sosial layihələrin bir hissəsi ola bilirik” – deyə bankın mətbuat xidmətindən bildiriblər. 

Son xəbərlər

Orphus sistemi