İnvestisiya qiymətli kağızlarına abunə yazılışı ilə bağlı qaydalar müəyyənləşib

İnvestisiya qiymətli kağızlarına abunə yazılışı ilə bağlı qaydalar müəyyənləşib İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi kütləvi təklif və ya qapalı yerləşdirmə üsulu ilə həyata keçirilir
Maliyyə
2 Fevral , 2016 16:59
İnvestisiya qiymətli kağızlarına abunə yazılışı ilə bağlı qaydalar müəyyənləşib

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "İnvestisiya qiymətli kağızlarına abunə yazılışı və yerləşdirilməsi haqqında Qaydalar"ını təsdiq edib.

"Report"un xəbərinə görə, bu qaydalar investisiya qiymətli kağızlarına abunə yazılışına və yerləşdirilməsinə dair qaydaları müəyyən edir.

İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi kütləvi təklif və ya qapalı yerləşdirmə üsulu ilə həyata keçirilir.

Kütləvi təklif edilən investisiya qiymətli kağızlarına anderrayter tərəfindən abunə yazılışı investisiya qiymətli kağızlarının yerləşdirilməsindən əvvəl həyata keçirilir. Kütləvi təklif edilən istiqrazlar, abunə yazılışı keçirilmədən, emitentin qərarı ilə fond birjasında hərrac vasitəsi ilə yerləşdirilə bilər.

Qiymətli kağızlara abunə yazılışının keçirilməsi müddəti 3 aydan çox olmamalıdır.

Abunə yazılışının başlanması haqqında məlumat emissiya prospektində və ya informasiya memorandumunda açıqlanmalıdır.

Qiymətli kağızlara abunə yazılışı investorlar tərəfindən sifarişin anderrayterə təqdim etməklə həyata keçirilir.

Abunə yazılmaq üçün sifariş iki nüsxədə hazırlanmalı və qiymətli kağızların qeydiyyat nömrəsi, növü, nominal dəyəri, investor tərəfindən təklif edilən alış qiymətini, investor tərəfindən sifariş edilən qiymətli kağızların miqdarını, investor haqqında məlumatları (fiziki şəxslər üçün – adı, soyadı, yaşadığı və qeydiyyatda olduğu ünvan, telefon nömrəsi, hüquqi şəxslər üçün – adı, olduğu yer, telefon nömrəsi) əks etdirməlidir

Abunə yazılışı üçün sifariş investor tərəfindən imzalanmalıdır. Hüquqi şəxslərin təqdim etdikləri sifariş onların səlahiyyətli şəxsi tərəfindən imzalanmalı və möhürlənməlidir.

Sifariş anderraytera təqdim edilərkən onun üzərində anderrayterin səlahiyyətli şəxsi tərəfindən sifarişin qəbul edildiyi tarix, vaxt, qeydiyyat nömrəsi, sifarişi qəbul edən şəxsin adı, soyadı qeyd edilir və anderrayter tərəfindən uçota alınır.

Əgər emissiya prospektində və ya emissiya haqqında qərarda ayrı qayda nəzərdə tutulmayıbsa, investorlar abunə yazılışı üçün sifarişləri imzaladıqdan sonra onların geri çağırılmasını tələb edə bilməzlər.

Abunə yazılışı başa çatdıqdan sonra 5 iş günü ərzində emitent və yerləşdirməni həyata keçirən anderrayter qiymətli kağızların yerləşdirilməsinə başlamalıdırlar.

Abunə yazılışı başa çatdıqdan sonra 2 iş günü ərzində emitent və ya anderrayter qiymətli kağızların yerləşdirilməsinin başlanması tarixini elan etməli və abunə yazılmış şəxslərə bu barədə yazılı bildiriş göndərməlidirlər. Abunə yazılışının qiyməti emissiya prospektində və ya informasiya memorandumunda müəyyən edilmədikdə, həmin qiymət yerləşdirmənin başlanmasına ən azı 5 iş günü qalmış açıqlanır.

İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi müddəti başlandığı tarixdən etibarən 7 iş günündən çox olmamalıdır.

Yerləşdirmə müddəti ərzində investorlar qiymətli kağızların dəyərini emissiya prospektində müəyyən edilmiş və klirinq təşkilatının üzvü olan bankda açılmış müvəqqəti cari hesabına köçürməlidirlər.

Mərkəzi depozitar investisiya qiymətli kağızlarının dəyəri investorlar tərəfindən ödənilməsi haqqında məlumatları bankdan aldıqdan sonra növbəti gün ərzində qiymətli kağızları investorların depo hesablarına köçürülməsi əməliyyatını həyata keçirir və həmin hesabda komitə tərəfindən emissiyanın və ya kütləvi təklifin yekunları haqqında hesabat təsdiq edilənədək dondurur.

Kütləvi təklif olunan əlavə səhmlərin yerləşdirilməsi ilk 2 iş günü ərzində üstünlük hüququna malik olan səhmdarlar arasında səhmlərin yerləşdirilməsi, digər investorlar arasında səhmlərin yerləşdirilməsi ardıcıllığı ilə həyata keçirilir.

Səhmdarlar səhmdar cəmiyyətinin səhmlərini almaqda üstünlük hüququna malik olduqda, həmin səhmlərin cəmiyyətin nizamnamə kapitalında səhmdarların malik olduqları paya mütənasib şəkildə yerləşdirilməsi Mərkəzi Depozitar və anderrayter tərəfindən yoxlanılır.

Səhmlərin yerləşdirilməsi zamanı investorlar tərəfindən eyni qiymət ilə təqdim edilən sifarişlərdə qiymətli kağızlara tələbat təklifdən çox olduğu təqdirdə qiymətli kağızlar investorlar arasında onların sifarişlərində göstərilmiş səhmlərin miqdarına uyğun olaraq mütənasib miqdarda yerləşdirilir.

Təklif edilən qiymətli kağızlar anderrayter tərəfindən öhdəlik götürməklə yerləşdirildikdə və yerləşdirmə müddəti ərzində qiymətli kağızlar tam yerləşdirilmədikdə anderrayter yerləşdirmə müddəti başa çatdıqdan sonra 1 iş günü ərzində yerləşdirilməmiş qiymətli kağızların dəyərini emitentə hesaba ödəməlidir.

İstiqrazlar, abunə yazılışı keçirilmədən, fond birjasında hərrac vasitəsi ilə yerləşdirildikdə, istiqrazların yerləşdirilməsinə başlanılması tarixinə ən azı 2 iş günü qalmış emitent və ya anderrayter qiymətli kağızların yerləşdirilməsinin başlanması tarixini və hərracın keçirilməsi şərtlərini elan etməli və fond birjasına bu barədə yazılı bildiriş göndərməlidirlər. İstiqrazların yerləşdirilməsinə onların fond birjasında ticarətə buraxılmasından sonra başlanılır.

Emissiya prospektində hərracın keçirilməsi üçün hərracın keçirilməsi tarixi, qiymətli kağızların qeydiyyat nömrəsi, olunan istiqrazların məbləği, bir istiqrazın satış qiyməti göstərilməlidir.

Yerləşdirilmə günü sifarişlərin qəbulu üçün elan olunmuş müddət ərzində birja üzvləri istiqrazların alınması üçün sifarişləri fond birjasına təqdim edirlər.

Hərracda sifarişlərin qəbulu müddəti bitdikdən sonra 1 iş günü ərzində emitent və ya anderrayter təqdim edilmiş sifarişlər üzrə hərracda təmin olunacaq istiqrazların həcmini və qiymət əvvəlcədən elan olunmadığı təqdirdə, onların minimal (kəsmə qiymətini) müəyyənləşdirir.

Hərrac zamanı investorlar tərəfindən eyni qiymət ilə təqdim edilən sifarişlərdə istiqrazlara tələbat təklifdən çox olduğu təqdirdə, istiqrazlar sifarişlərin icrası şərtlərinə müvafiq olaraq investorlar arasında sifarişlərdə göstərilmiş istiqrazların miqdarına mütənasib miqdarda yerləşdirilir.

Hərrac zamanı bərabər qiymət şərtləri ilə verilmiş sifarişlərin həcmi bu qiymət üzrə təklif olunan istiqrazların həcmindən çox olduqda sifarişlər emissiya prospektində qeyd edilmiş kəsmə qiymətlə sifarişlərin icrası şərtinə müvafiq olaraq mütənasib qaydada və ya vaxta görə icra edilir.

İnvestisiya qiymətli kağızlarının qapalı yerləşdirilməsi fond birjası vasitəsi ilə və ya fond birjasından kənar həyata keçirilir.

Qapalı yerləşdirmə zamanı əqdlər investisiya şirkəti vasitəsi ilə bağlanılır.

Qiymətli kağızların yerləşdirilməsi başa çatdıqdan sonra emitent 10 iş günü ərzində komitəyə qiymətli kağızların emissiyasının və ya kütləvi təklifin yekunları haqqında hesabatı və yerləşdirilmiş qiymətli kağızların sayı barədə Mərkəzi Depozitar tərəfindən verilən arayışı təqdim etməlidir.

Komitə tərəfindən qiymətli kağızların emissiyasının və ya kütləvi təklifin yekunları haqqında hesabata 15 gün müddətində baxılır və təsdiq edilməsindən imtina üçün hesabat təsdiq edilir.

İnvestisiya qiymətli kağızlarının emissiyasının və kütləvi təklifinin yekunları haqqında hesabata baxarkən qiymətli kağızların emissiyası və ya kütləvi təklifi şərtlərinin, tələblərin pozulması faktı müəyyən olunduqda, komitə əsasları göstərilməklə pozuntuya yol vermiş şəxslərin həmin pozuntuları müəyyən edilən vaxt ərzində aradan qaldırması və yol verilmiş pozuntuların aradan qaldırılması mümkün olmadıqda, həmin investisiya qiymətli kağızlarının emissiyasının və ya kütləvi təklifinin yekunları haqqında hesabatın təsdiq edilməsindən imtina barədə qəbul etməlidir.

Pozuntuya yol vermiş şəxs komitənin müəyyən etdiyi vaxt ərzində həmin pozuntuların aradan qaldırılması barədə hesabatı, müvafiq təsdiqləyici sənədlər əlavə olunmaqla, Komitəyə təqdim etməlidir. Komitə həmin hesabatdan pozuntuların aradan qaldırıldığını müəyyən etdikdə, investisiya qiymətli kağızlarının emissiyasının və ya kütləvi təklifinin yekunları haqqında hesabatı təsdiq edir, pozuntuların aradan qaldırılmadığı və ya ümumiyyətlə, bu barədə hesabat təqdim olunmadığı halda müəyyən qərarı qəbul edir.

Son xəbərlər

Orphus sistemi