Bakı. 29 sentyabr. REPORT.AZ/ Qlobal iqtisadi artımın yavaşlamasının qarşısının alınması üçün ölkələr arasında ticarət əməliyyatlarının həcmi artmalıdır.
"Report"un "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, bunu Beynəlxalq Valyuta Fondunun (İMF) rəhbəri Kristin Laqard (Christine Lagarde) ABŞ-ın Çikaqo şəhərinin Şimal-Qərb Universitetində çıxışı zamanı bildirib.
İMF rəhbəri qlobal iqtisadiyyatda müşahidə olunan zəifləməyə diqqət çəkərək deyib ki, iqtisadi artımın dəstəklənməsi üçün qlobal ticarətin həcmi artmalıdır. Ölkələrin yerli istehsalın qorunması siyasətinin dünya ticarətini azaltdığını söyləyən K.Laqard belə davam edəcəyi təqdirdə iqtisadi artıma çətin nail olunacağını vurğulayıb.
K.Laqard iqtisadi artıma yalnız ticarətin genişləndirilməsinin kifayət etməyəcəyini, bunun üçün təhsildə dövlət xərclərinin artırılmasını, qadınların iş yerləri ilə daha çox təmin olunmasını, struktur islahatlarının həyata keçirilməsini, yeni makroiqtisadi siyasətin tətbiqini vacib sayır.