Hesablama Palatası Şirvan şəhərində büdcə vəsaitinin qanunsuz xərclənməsi faktları aşkar edib

Hesablama Palatası Şirvan şəhərində büdcə vəsaitinin qanunsuz xərclənməsi faktları aşkar edib Auditin nəticələri ilə bağlı Milli Məclisiə məlumat verilib
Maliyyə
20 Avqust , 2016 14:39
Hesablama Palatası Şirvan şəhərində büdcə vəsaitinin qanunsuz xərclənməsi faktları aşkar edib

Bakı. 20 avqust. REPORT.AZ/ Şirvan şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən mənzil fondunun istismar yığımı nəzərə alınmayıb, mənzil fondunun hər kv. metrinə düşən xərc araşdırılmayıb, mənzil fondunun zərəri proqnozlaşdırılarkən əsaslandırıcı hesablama aparılmayıb, bir sıra hallarda vəsaitin təyinatı dəyişdirilməklə icra edilib. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Hesablama Palatasının adıçəkilən rayonda aparılan audit yoxlamalarının nəticələri ilə bağlı hazırladığı hesabatda qeyd edilib.

Hesabatda deyilir ki, qurumlar tərəfindən təsərrüfat gəlirləri hesabına maliyyələşməli xərclər bəzi hallarda büdcə vəsaiti hesabına ödənilib, müvafiq bölgüyə riayət edilmədən tələbatdan artıq alınmış vəsaitin təyinatı dəyişdirilərək təsərrüfat məqsədlərinə, o cümlədən vergi qanunvericiliyinə riayət edilməməsi səbəbindən vergi orqanları tərəfindən hesablanıb və tətbiq olunmuş maliyyə sanksiyasının ödənişinə yönəldilib:

“Bəzi hallarda artıq ödənişlərə, həmçinin mövsümə uyğun olmayan alışlara vəsait yönəltməklə səmərəsiz xərclərə yol verilib. Bir sıra hallarda malların (işlərin və xidmətlərin) alınmasına satınalma metodu tətbiq edilmədən vəsait yönəldilib, mal-materialın ehtimal olunan qiyməti müvafiq qaydada müəyyən edilməyib və orta bazar qiyməti nəzərə alınmayıb”.

Bütün bunlarla yanaşı auditlə əhatə olunan dövrdə mal-materialların alışı əsasən nağd qaydada təhtəlhesab şəxs vasitəsi ilə həyata keçirilib, bəzi hallarda artıq material və vəsait silgisinə yol verilib:

“Milli Mühasibat Uçotu Standartlarına keçid təmin olunmayıb, hesabat dövründə kommunal xidməti üzrə şəxsi həyətyanı ev sahibləri, hüquqi və fiziki şəxslər ilə əvvəlki müqavilə öhdəlikləri yerinə yetirilmədiyi halda yeni müqavilələr bağlanılması nəticəsində debitor borcu ildən-ilə qalıq kimi keçirilib, ödəniş növbəliliyi gözlənilmədiyindən büdcə və sosial sığorta üzrə kreditor borcu auditlə əhatə olunan dövrdə artıb”.

Hesablama Palatasının Kollegiyası Şirvan şəhər İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Şirvan şəhər İcra Hakimiyyətinə göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisiə məlumat verilib.

Qeyd edək ki, audit 4 qurumda həyata keçirilib və ümumilikdə 4,817 mln. manat məbləğində vəsait əhatə olunub.

Son xəbərlər

Orphus sistemi