Hesablama Palatası Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında pozuntu faktları aşkar edib

Hesablama Palatası Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında pozuntu faktları aşkar edib Auditin nəticələri ilə bağlı Milli Məclisə və aidiyyəti üzrə Səhiyyə Nazirliyinə məlumat verilib
Maliyyə
20 Avqust , 2016 12:21
Hesablama Palatası Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında pozuntu faktları aşkar edib

Bakı. 20 avqust. REPORT.AZ/ Cəlilabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən büdcə vəsaitləri üzrə proqnozlar tərtib edilərkən maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib, bir çox xərc maddələri üzrə müvafiq hesablamalar aparılmayıb, xərclərin icrası zamanı bəzi hallarda təyinat dəyişikliyinə yol verilib. 

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının hazırladığı hesabatda qeyd edilib.

Hesabata əsasən, xəstəxanada bir neçə halda zərurət olmadan inventar alınması və əvvəlki illərdə alınmış inventarların uzun müddət istifadəsiz saxlanılması səbəbindən tibb müəssisəsi tərəfindən səmərəsiz xərcə yola verilib:

“Nazirlər Kabinetinin “Təhsil ocaqlarında, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” müvafiq qərarının tələblərinə uyğun hesablamalar aparılmayaraq bir çarpayı gününə ərzaq xərci 1 manat dəyərində proqnozlaşdırılıb, lakin faktiki icra olunmuş çarpayı günlərinə görə bir çarpayı gününə sərf olunan ərzaq xərci 2013-2015-ci illərdə 2,4 manat, 2016-cı ilin I rübündə 2,7 manat olub, nəticədə çarpayı günləri ərzaqla tam təmin edilməyib. Auditlə əhatə olunan dövrdə bir çarpayı gününə sərf olunmuş dərman və ərzaq xərcləri üzrə göstəricilər illər və tibb müəssisələri üzrə fərqli olub, bununla yanaşı xəstə sayının çox yazılması nəticəsində artıq ərzaq xərcinə yol verilib”.

Palata bəyan edib ki, Cəlilabad rayonu üzrə xəstəxana çarpayılarının sayı 840 çarpayı azaldılaraq 365 çarpayı təsdiq edilib, strukturunda Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, eləcə də 28 Kənd Həkim Məntəqəsi və 40 Kənd Tibb Məntəqəsi, ştat vahidlərinin ümumi sayı 1 858 vahid təsdiq edilməklə rayon üzrə 209,3 min nəfərə stasionar və ambulator qaydada tibbi xidmət göstərilib. Xəstəxana tərəfindən auditin əhatə etdiyi illərdə ümumilikdə 14 150 min manat məbləğində vəsait icra edilib:

“Səhiyyə Nazirliyinin rəsmi hesabatına əsasən, 2015-ci ildə respublika üzrə hər 10 min nəfər əhalinin həkimlərlə təminatı 27 nəfər, çarpayılar ilə təminatı isə 39,6 ədəd olduğu halda bu göstəricilər Cəlilabad rayonu üzrə müvafiq olaraq 15 nəfər və 17 ədəd təşkil edib. Bununla belə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında və onun tabeliyində fəaliyyət göstərən səhiyyə müəssisələrində təsdiq olunmuş ştatların 2013-cü ildə 18,2%-i və ya 307 vahidi, 2014-cü ildə 19,4%-i və ya 328 vahidi, 2015-ci ildə isə 20,3%-i və ya 344 vahidi vakant ştatlar təşkil etməklə 3 il ərzində vakant ştatların sayı 37 vahid artıb. Xəstəxanalarda müalicə alan xəstələrin sayı 2013-cü ildə 4 653 nəfər, 2014-cü ildə 5 521 nəfər, 2015-ci ildə 4 842 nəfər təşkil etsə də, çarpayıların işlədiyi günlərin sayı bu göstəricilərə uyğun olmayaraq azalıb, müvafiq olaraq 214 gün, 208 gün və 184 gün olub, nəticədə rayon üzrə çarpayı günlərinin icra göstəriciləri də azalaraq auditin əhatə etdiyi illər üzrə müvafiq olaraq 63,8%, 62,0% və 55,0% təşkil edib”.

Qurumun hesabatına görə, xəstəxanada ehtimal olunan qiymətin satınalınacaq mallara ayrı-ayrılıqda deyil, cəm şəkildə təyin edilməsi mal-materialların orta bazar qiymətlərindən baha alınmasına səbəb olub və nəticədə artıq vəsait ödənilib, bununla yanaşı, bəzi hallarda nəzərdə tutulan vəsaiti ayrı-ayrı müqavilələrə bölünərək satınalma metodunun dəyişdirilməsinə yol verilib. Təmir tikinti işlərinin yoxlanılması zamanı ümumilikdə beş obyekt üzrə bəzi işlərin tam yerinə yetirilməməsi müəyyən edilib:

“Xəstəxana tərəfindən elektrik sayğacının sərfiyyat göstəricisinin nəzərə alınmaması nəticəsində istehlak olunmamış elektrik enerjisinə görə vəsait ödənilib, əsas fondlara və qeyri-maddi aktivlərə köhnəlmə ayrı-ayrılıqda hesablanmayıb. Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alınmasına ödənilmiş vəsait düzgün olmayaraq faktiki xərclərə daxil edilib, azqiymətli tezköhnələn avadanlıqlar və material ehtiyatları aid olduğu hesablarda deyil, əsas fondlar hesabında uçota alınıb, eləcə də həmin əməliyyatları özündə əks etdirən ilkin uçot sənədlərində toplanmış məlumatların icmallaşdırılması və mühasibat registrlərinə köçürülməsi müvafiq tələblərə uyğun aparılmayıb”.

Hesablama Palatasının Kollegiyası Xəstəxana tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığı nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə və aidiyyəti üzrə Səhiyyə Nazirliyinə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi