"Gəncəbank" məhkəmə yolu ilə lisenziyasını bərpa edə bilməyib

"Gəncəbank" məhkəmə yolu ilə lisenziyasını bərpa edə bilməyib Gəncə İnzibati-İqtisadi Məhkəməsi bankın əleyhinə qərar qəbul edib
Maliyyə
21 Oktyabr , 2016 12:44
Gəncəbank məhkəmə yolu ilə lisenziyasını bərpa edə bilməyib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu gün Gəncə İnzibati-İqtisadi Məhkəməsində "Gəncəbank" ASC-nin lisenziyasının bərpa edilib-edilməməsi ilə bağlı iclas keçirilib. Məhkəmədən "Report"a verilən məlumata görə, işə hakim Kamil Rzayevin sədrliyi ilə baxılıb.

Məhkəmə heyəti bankın əleyhinə qərar qəbul edib. Bununla da "Gəncəbank"ın məhkəmə yolu ilə lisenziyasını bərpa etmək cəhdi baş tutmayıb. Kredit təşkilatının bu qərardan apellyasiya şikayəti verib-verməyəcəyi, yəni Gəncə Apellyasiya Məhkəməsinə müraciət edib-etməyəcəyi hələ ki, məlum deyil.

Xatırladaq ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi bu il fevralın 15-də "Gəncəbank"ın müflis elan edilməsi, iflas proseduruna başlanılması, "Azerbaijan International Consulting Company" MMC-nin Banka ləğvedici təyin edilməsi barədə qərar qəbul edib. Lakin "Gəncəbank" bundan apellyasiya şikayəti verib. Martın 18-də Bakı Apellyasiya Məhkəməsi 1-ci instansiya məhkəməsinin çıxardığı qərardadı və qərarı ləğv edib. İş aidiyyəti üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilib.

Qeyd edək ki, "Gəncəbank"ın lisenziyası bu il yanvarın 22-də Azərbaycan Mərkəzi Bankı tərəfindən ləğv edilib. Yanvarın 25-də isə Banka müvəqqəti inzibatçı təyin edilib. AMB-nin səlahiyyətlərinin bir qisminin bu il fevralın 3-də yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına ötürülməsi ilə əlaqədar hazırda "Gəncəbank" Palatanın əməkdaşı Seymur Əliyevin nəzarətindədir.

Son xəbərlər

Orphus sistemi