FES bu il uçot dərəcəsini artıracağını bəyan edib

FES bu il uçot dərəcəsini artıracağını bəyan edib ABŞ dollarının məzənnəsinin getdikcə möhkəmlənməsi proqnozlaşdırılır
Maliyyə
22 Sentyabr , 2016 12:04
FES bu il uçot dərəcəsini artıracağını bəyan edib

Bakı. 22 sentyabr. REPORT.AZ/ ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) bəyan edib ki, sentyabrın 21-də keçirilmiş növbəti iclasda  uçot dərəcəsi artırılmasa da, ilin sonuna qədər bu addım atılacaq. 

Bu barədə "Report"a xarici mətbuata istinadən xəbər verir. 

Xatırladaq ki, FES, keçən ilin dekabr ayında tarixinin ən aşağı səviyyədə olan uçot dərəcəsini bir pillə, yəni 0,25% bəndi artıraraq 0,25-0,50% diapazonuna çatdırıb. Ondan sonra qurumun 6 iclası olsa da, ABŞ-da iqtisadi göstəricilərinin zəif olması və qlobal maliyyə bazarlarında mənfi əhval-ruhiyyə nəzərə alınaraq uçot dərəcəsi artırılmayıb. 

Ötəngünki iclasda çıxış edən FES rəhbəri Jannet Yellen hazırda ölkənin iqtisadi göstəricilərinin müsbət olduğunu bildirsə də, uçot dərəcələrinin artırılması üçün əlavə şərtlərin formalaşmasına ehtiyac olduğunu qeyd edib. J.Yellen həmçinin FES üzvlərinin bir çoxunun uçot dərəcəsini dekabr ayında artırılmasına tərəfdar olduğunu deyib. 

FES rəhbəri şıxışında ABŞ-da əmək bazarının getdikcə güclənəcəyini, bunun da inflyasiyanı artıracağını və hədəflənmiş 2%-ə yaxınlaşdıracağını xatırladıb. O, ümumiyyətlə iqtisadiyyatın vəziyyətindən məmnun olduğunu, bank sektorunun etibarlılığının artdığını vurğulamaqla bərabər kommersiya tipli daşınmaz əmlak qiymətləri ilə icarə haqqlarının həddindən çox artaraq problem yarada biləcəyini bildirib.

"Report"un analitik qrupu FES-in növbəti iclasının ABŞ-ın yeni prezidentinin hakimiyyəti dövründə baş tutacağını xatırladaraq qurumun qərarlarında dəyişikliklərin ola biləcəyinə diqqət çəkir. ABŞ-ın xarici ticarət qaydalarına dəyişiklik edə biləcəyi, bunun da dolların məzənnəsini kəskin möhkəmləndirəcəyi ehtimalları getdikcə artır. Bu, ABŞ iqtisadiyyatının artımını sürətləndirə, işsizlik səviyyəsini azalda, inflyasiyanı artıra bilər ki, nəticədə FES uçot dərəcəsini daha sərt şəkildə yüksəltməyə məcbur ola bilər. 

Son xəbərlər

Orphus sistemi