"Expressbank" nağdlaşdırmaya görə komissiya haqqında dəyişiklik edib

"Expressbank" nağdlaşdırmaya görə komissiya haqqında dəyişiklik edib Bank əvvəlki qərarını ləğv edib
Maliyyə
2 İyun , 2016 14:50
Expressbank nağdlaşdırmaya görə komissiya haqqında dəyişiklik edib

Bakı. 2 iyun. REPORT.AZ/ Bu gündən etibarən "Expressbank" ASC-nin debet kartlarından nağdlaşdırmayə görə komissiya haqqı 0% müəyyən edilib. 

"Report" bu barədə Bankın müştərilərinə göndərdiyi xəbərdarlığa istinadən məlumat verir.

"Expressbank" mayın 11-də debet kartlarından nağdlaşdırmaya görə komissiya haqqının tətbiqinə başlayıb. Debet kartlarından nağdlaşdırma üzrə komissiya haqqı minimum 0,5% dərəcəsində müəyyən edilib. Banka məxsus bankomatlarda nağdlaşdırma üzrə komissiya 0,5% və ya minimum 1 manat, "MilliCard" üzrə 1% və ya minimum 1 manat, "Azericard" üzrə isə 3% və ya minimum 3 manat təşkil edirdi. Qeyd edək ki, bundan əvvəl debet kartlarından nağdlaşdırma üçün heç bir komissiya tətbiq olunmurdu.

Bununla yanaşı bildirilir ki, POS-terminal vasitəsi ilə ödəniş etdikdə isə ödənilən məbləğin 0,3%-dən 20%-dək hissəsi yenidən hesaba qaytarılır.

Xatırladaq ki, bu ilin ötən dövrü ərzində "Expressbank" ASC Bakıdakı 3 filialı - "Cəfər Cabbarlı", "Azadlıq" və "Nərimanov" filiallarını bağlayıb. Fəaliyyəti dayandırılan filialların müştəriləri digər filiallara yönləndirilib. Belə ki, "Cəfər Cabbarlı" filialının müştəriləri "Əhmədli" filialına, "Azadlıq" filialının müştəriləri "Elmlər" filialına, "Nərimanov" filialının müştəriləri isə "Yasamal" filialına müraciət edə bilərlər.

Bununla yanaşı, bu il Bankın əvvəlcə "Elmlər", "Əhmədli", daha sonra isə "Xətai" filialı fəaliyyətə başlayıb.

Son xəbərlər

Orphus sistemi