Bakı. 3 mart. REPORT.AZ/ Əmanətlərin Sığortalanması Fondu (ƏSF) Azərbaycan Mərkəzi Bankından (AMB) 20 mln. manat həcmində borc vəsaiti cəlb etməyi planlaşdırır. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ƏSF-nin icraçı direktoru Azad Cavadov deyib.
A.Cavadov bildirib ki, gələcəkdə Fonda üzv olan kommersiya banklarının ödədiyi sığorta haqlarının həcmi risk dərəcəsinə görə dəyişə bilər: "Artıq müvafiq qanun layihəsi hazırlanır və bankların risk dərəcəsinə görə onlardan əmanətlərin sığortalanması üçün yığılan faizlər dəyişə bilər".
ƏSF başçısı, həmçinin əlavə edib ki, banklardan rüblük yığım 7 mln. manata qədər olmalı idi, lakin bu aydan qorunan əmanətlərin həcmi artdığına görə, həmin məbləğin 7 mln. manatdan artıq olacağı gözlənilir: "Həmçinin, əvvəlki qanunun iki maddəsi ləğv edilib, hansı ki, o maddələrə görə 800 mln. manata qədər əmanət kredit borcuna görə girov saxlanıb. Hazırda bu məbləğ də qorunan əmanətlər siyahısına aid edilib".
A. Cavadov qeyd edib ki, bağlanan 3 bankda vahid Avropa valyutasında 5 mln. avroluq əmanət olub: "Bunun cəmi 500 min avroluq hissəsi ödənilib".