​Azərbaycanın korporativ istiqraz bazarı: bank əmanətlərinə alternativ alət - İCMAL

​Azərbaycanın korporativ istiqraz bazarı: bank əmanətlərinə alternativ alət - İCMAL Bank əmanətlərinə hesablanan faizlərin vergiyə cəlb olunması istiqrazlara marağı artıra bilər
Maliyyə
13 Yanvar , 2015 10:31
​Azərbaycanın korporativ istiqraz bazarı: bank əmanətlərinə alternativ alət - İCMAL

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanda 2015-ci ilin əvvəlindən fiziki şəxslərin bank əmanətlərinə hesablanan faizlərin yenidən gəlir vergisinə cəlb edilməsi kapital bazarında alternativ investisiya alətlərinin aktuallığını artırıb. Müşahidəçilər ilk növbədə bu sıraya bəzən illik 15%-dək dividend gətirən korporativ iztiqrazları aid edirlər.

"Report"un bazarda apardığı ilkin araşdırmanın nəticələrinə əsasən, 2014-cü il ərzində beş kommersiya bankı ("Access Bank" QSC, "Unibank" ASC, "Bank of Baku" ASC, "Parabank" ASC və "YapıKredi Bank Azərbaycan" QSC) yeni istiqraz emissiyalarını qeydiyyatdan keçirib və onları uğurla yerləşdirib. Həmin istiqrazlar üzrə illik gəlirlik orta hesabla 10,75% təşkil edir. Belə ki, illik gəlirlik "Access Bank"ın kağızları üzrə 9%, "Unibank"da 9,75%, "Bank of Baku"da 11%, "Parabank"da 15%, "YapıKredi Bank Azərbaycan"da isə 9% olub.

Həmin bankların manatla yerləşdirilən əmanətlər üzrə təklif etdiyi maksimal illik gəlirlik isə (müddətin sonunda) "Access Bank"da 9%, "Unibank"da 11%, "Bank of Baku"da 11%, "Parabank"da 10,5%, "YapıKredi Bank Azərbaycanda"da isə 8%, yəni, orta hesabla 9,9% təşkil edib. 

Qeyd edək ki, hazırda ölkədə yalnız illik 9%-dək dərəcə ilə yerləşdirilən əmanətlər dövlət tərəfindən sığortalanır.

Xatırladaq ki, 2015-ci il yanvarın 10-da dövlət başçısının təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, yerli banklar və xarici bankların Azərbaycandakı filialları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatdan çox olan hissəsindən gəlir vergisi tutulacaq. Bank əmanətləri üzrə əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi müvafiq güzəşt edilən məbləğ (illik 500 manat) nəzərə alınmaqla 2015-ci ilin yanvarın 1-dən sonra hesablanmış faizlərə tətbiq ediləcək. Mərkəzi Bankın hesabatına əsasən, 2014-cü ilin 11 ayında Azərbaycanda əhalinin əmanətlər üzrə faiz gəlirləri 450 mln. manat təşkil edib.

Vergilər Məcəlləsinin 13.2, 16.7, 123.1 və 125.1.2 müddəalarına əsasən, istiqrazlar üzrə ödənilən faizlərə onların ümumi məbləğinin 10%-ni təşkil edən dərəcə həcmində vergi müəyyən olunur.

Qeyd edək ki, əhalinin bank əmanətləri 2014-cü ildə 11% artaraq 7 mlrd. manat səviyyəsini keçib. Hazırda adambaşına əmanətlərin məbləği təxminən 1 000 ABŞ dollarına yaxındır. Ötən il dekabrın 1-nə manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi illik 8,78%, hüquqi şəxslər üzrə 5,35%, fiziki şəxslər üzrə 9,45% təşkil edib.

Korporativ qiymətli kağzılar bazarının həcmi 2014-cü ildə 8,634 mlrd. manat təşkil edib. Bunun isə 2,165 mlrd. manatı korporativ istiqrazların yerləşdirilməsi, 1,283 mlrd. manatı istiqrazların təkrar bazarının payına düşüb.

Son xəbərlər

Orphus sistemi