​Elman Rüstəmov: "Bankların ani likvidliyi iki dəfə artıqdır"

​Elman Rüstəmov: "Bankların ani likvidliyi iki dəfə artıqdır" AMB sədri hesab edir ki, problemli kreditlər portfelinin çox olması məsələsi doğru deyil
Maliyyə
28 Oktyabr , 2014 16:59
​Elman Rüstəmov: Bankların ani likvidliyi iki dəfə artıqdır
Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən banklarda əmanətlər üzrə faiz dərəcələrinin birrəqəmli göstəriciyə düşməsi uğurlu nəticədir. "Report"un xəbər verdiyi kimi, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmov hesab edir ki, bu tendensiya gələcəkdə biznes kreditlərinin də faiz dərəcələrinin birrəqəmli göstəriciyə salınmasına təsir edəcək: “Bankların əmanət portfeli ilin əvvəlindən təxminən 9%-dək artıb. Əvvəllər bu artım daha çox olub. Amma biz hüquqi şəxslərin depozitlərinin daha çox artımının şahidi oluruq".

Eyni zamanda AMB sədri vurğulayır ki, depozitlərin artım tempinin zəifləməsi bütövlükdə bankların resurs bazasına ciddi təsir etmir: "Çünki banklarda yüksək likvidlik var. Bu gün banklarda ani likvidlik normadan 2 dəfədən yuxarıdır. Yəni, 30% olmalı halda, hazırda bu göstərici 60% civarındadır. Məncə, bankların əmanət faizlərini aşağı salmasında heç bir problem yoxdur. Çünki faiz yuxarı olduqca, banklar artıq pul ödəyir. Faizlər aşağı olduqca, onların ödəmələri də az olacaq. Düşünürük ki, biznes kreditləri üzrə də faiz dərəcələri birrəqəmli olsun".

E.Rüstəmov qeyd edib ki, hazırda Azərbaycanda biznesin kreditləşdirilməsi sahəsində kreditlərin orta faiz dərəcəsi illik 10,8-10,9%-dir. "Faiz dərəcələri nə qədər aşağı olarsa, real iqtisadiyyat bir o qədər ucuz maliyyə mənbələri əldə edəcək”, - deyə baş bankir vurğulayıb.

Problemli kreditlərin ümumi kredit portfelində xüsusi çəkisinin 6% təşkil etdiyini deyən AMB sədri əsas problemlərin istehlak kreditləşməsində olduğunu açıqlayıb: “Problemli kreditlər portfelinin çox olması ilə bağlı məsələ doğru deyil. Problemli kreditlər portfelin təxminən 6%-i civarındadır. Bunların da əksəriyyəti istehlak kreditləri ilə bağlıdır".

Son xəbərlər

Orphus sistemi