​Elman Rüstəmov: "Məzənnə siyasətində bu il ciddi dəyişiklik gözələnilmir"

​Elman Rüstəmov: "Məzənnə siyasətində bu il ciddi dəyişiklik gözələnilmir" AMB sədri: "Fundamental amillər dəyişərsə, bunu açıq şəkildə cəmiyyətə bəyan edəcəyik"
Maliyyə
17 Mart , 2015 19:30
​Elman Rüstəmov: Məzənnə siyasətində bu il ciddi dəyişiklik gözələnilmir

Bakı. 17 mart. REPORT.AZ/ Dünya neft bazarında müşahidə olunan qiymətlər çərçivəsində Azərbaycanda milli valyutanın məzənnəsində bu il ciddi dəyişiklik gözlənilmir.

"Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bu gün hökumətin 2014-cü il ilə bağlı hesabatının parlamentdə müzakirəsi zamanı çıxışında bildirib: "Lakin nəzərə alınacaq məsələ neftin qiyməti, partnyor ölkələrin münasibətidir. Partnyor ölkələrə qarşı bizim kifayət qədər ehtiyatımız var. Biz neftin qiymətini daim izləyirik. Yenə də səbət məzənnəsində qalırıq. Fundamental amillər dəyişərsə, bunu açıq şəkildə cəmiyyətə bəyan edəcəyik. Biz cəmiyyəti məlumatlandıracağıq ki, məzənnə siyasətimizdə dəyişiklik olacaq. Bu, açıq siyasət olacaq".

E.Rüstəmov qeyd edib ki, 2014-cü ildə hökumətin fəaliyyəti uğurlu olub, iqtisadi artım davam edib, makroiqtisadi dayanıqlıq təmin olunub: "2008-ci ildən davam edən böhran bizdən də yan keçməyib və 2014-cü ildə yeni bir dalğası başlayıb. Ötən il neftin qiymətinin 2 dəfə ucuzlaşması fenomendir. Neftin qiymətinin 6 aydan çox davamlı ucuzlaşması 1980-ci illərdən əvvəlki ucuzlaşmaya bənzəyir. Bu ucuzlaşma uzun müddət davam edəcək. Neftin ucuzlaşması hələ müəyyən müddət çəkəcək. Neftin ucuzlaşmasının kökündə tələb-təklif amili, OPEC və qeyri-OPEC dövlətləri arsındakı ziddiyyətlər durur".

"Proqnozlar pessimistikdir. Belə şəraitdə əhəmiyyətli neft ixracına malik ölkələrdə siyasətdə dəyişiklik önəmlidir. Neftin qiymətinin belə uzun müddət ucuzlaşması şəraitində eyni siyasəti davam etdirsəydik, qısa müddətdə həm Neft Fondunun, həm də Mərkəzi Bankın ehtiyatları sıfıra enərdi. Biz neftin belə qiymətləri şəraitində manatı həmin dəyərdə saxlaya bilməzdik. Mərkəzi Bankdakı ehtiyatlar ölkəyə idxalın təmin olunması siyasətinin təminatı kimi çıxış edir. Makroiqtisadi korreksiya gündəliyə gəldi. Ölkədə birrəqəmli inflyasiyadır, xarici balansda baş verən hadisələr manatın məzənnəsinə qayıtmağı vadar edib. Korreksiyaya uğrayan manat deyil, neftin qiymətinin iki dəfə azalmasıdır. Biz ciddi ajiotajın şahidi olduq - devalvasiyaya yaxın bu ajiotajı yatırmağa gündə yarım milyard dollar sərf edirdik. Manat kütləsinin 70%-i dollara çevrilə bilərdi və milli valyutamızın məzənnəsi üzərində idarəetməni itirə bilərdik. Bunun üçün də devalvasiyaya getdik. Bu makroiqtisadi korreksiya ilə makroiqtisadi vəziyyətimizi sağlamlaşdırdıq", - AMB sədri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi