Elman Rüstəmov: Azərbaycanda manatın uzunmüddətli zəifləməsi üçün heç bir amil yoxdur

Elman Rüstəmov: Azərbaycanda manatın uzunmüddətli zəifləməsi üçün heç bir amil yoxdur "Bivalyutalı səbətə keçid məzənnə siyasətinə çeviklik və müstəqillik gətirəcək"
Maliyyə
17 Fevral , 2015 22:26
Elman Rüstəmov: Azərbaycanda manatın uzunmüddətli zəifləməsi üçün heç bir amil yoxdur

Bakı. 17 fevral. REPORT.AZ/ Manatın zəifləməsi üçün uzun müddətli fundamental amillər yoxdur.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Televiziyasına (AzTV) müsahibəsində Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmov bildirib ki, hazırkı dövrdə avro dollara qarşı ucuzlaşır:“Bizim məzənnəmiz dollara sərt olaraq bağlandığı üçün dolların avroya qarşı bahalaşması manata da ötürülür və manat avroya qarşı bahalaşır".

"Ümumiyyətlə manatın məzənnəsi üzən rejimdədir. Biz dollara bağlıyıq. Dollar isə başqa məzənnələrə nisbətdə üzən rejimdədir. Bu ötürücülük ona gətirib çıxarır ki, avro manata nisbətdə ucuzlaşır. Avropa bizim əsas ticarət tərəfdaşlarımızdan biridir və bu, bizim iqtisadi perspektivlərimizə təsir göstərə bilər", deyə E.Rüstəmov qeyd edib.

Onun sözlərinə görə, belə olan şəraitdə manatın dollardan asılılığını azaltmaq üçün avronu bərpa etdik. Lakin səbətdə avronun payı o qədər də yüksək deyil: "Bivalyutalı səbət bizim məzənnə siyasətimizə məlum çeviklik, bazar elementləri gətirir. Manatın zəifləməsi üçün fundamental amil yoxdur".

E.Rüstəmov deyib ki, manatin məzənnəsinin müəyyənləşdirilməsində bivalyutalı səbətə keçid yeni bir maliyyə innovasiyası deyil. Xatırlatmaq istəyirəm ki, 2008-2011-ci illərdə Azərbaycanda manatın məzənnəsinin müəyyənləşdirilməsi üçün bivalyutalı səbətdən istifadə edilib.

Həmin dövrdə bivalyutalı səbətdən istifadə daha çevik məzənnə siyasəti həyata keçirməyə imkan verib.

“O dövrdə neftin qiyməti yüksək olduğu bir şəraitdə bu, balansdan irəli gələn tədbir idi. Manatın məzənnəsinin möhkəmlənməsinə böyük təzyiq var idi. Manat dollara münasibətdə əhəmiyyətli dərəcədə bahalaşırdı. Biz o dövrdə səbətdə avrodan imtina etməsə idik manatın məzənnəsi daha yüksək olardı. Bunun üstün tərəfləri olsa da (inflyasiyanın azalması), ölkənin ixrac potensialına təsiri mənfidir”, - deyə, o, bildirib.

Elman Rüstəmov manatın məzənnəsinin müəyyənləşdirilməsində bivalyutalı səbətə keçidin nəticələrindən də danışıb: “Bu, manatın məzənnəsinə müəyyən çeviklik gətirib. Dəyişikliklərə baxsanız, bu rəqəmlər qəpiyin yüzdə biri səviyyəsindədir. Buna görə narahat olmağa dəyməz".

Mərkəzi Bankın sədri həmçinin qeyd edib ki, Azərbaycanda kəskin devalvasiyanın aparılması üçün heç bir səbəb yoxdur.

Son xəbərlər

Orphus sistemi