​Ekspertlər: "Yaxın vaxtlarda ipoteka kreditləşməsində ciddi yumşalma olacaq"

​Ekspertlər: "Yaxın vaxtlarda ipoteka kreditləşməsində ciddi yumşalma olacaq" "Azərbaycan İpoteka Fondu" ASC-nin yaradılması qurumun maliyyələşmə imkanlarını artıracaq
Maliyyə
28 Oktyabr , 2015 12:41
​Ekspertlər: Yaxın vaxtlarda ipoteka kreditləşməsində ciddi yumşalma olacaq

Bakı. 28 oktyabr. REPORT.AZ/ Yaxın vaxtlarda Azərbaycanda ipoteka kreditlərinin şərtlərində ciddi yumşalmalar, xüsusən də güzəştli ipotekaya çıxış imkanlarının genişlənməsi müşahidə olunacaq.

Bunu iqtisadçı ekspert Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin dünən imzaladığı "Azərbaycan İpoteka Fondu" ASC-nin yaradılması haqqında fərmanını "Report"a şərh edərkən bildirib.

"Fərman neftin dünya bazar qiymətinin aşağı düşməsi və regional qlobal çətinliklərin olması fonunda ipoteka kreditləşməsinin təkmilləşdirilməsi ilə bağlı siyasi iradəni ortaya qoyur.Praktik olaraq fərmanın imzalanamsı bir daha təsdiqləyir ki, yaxın vaxtlarda ipoteka kreditlərinin şərtlərində ciddi yumşalmalar, xüsusən də güzəştli ipotekaya çıxış imkanlarının genişlənməsi müşahidə ediləcək", - deyə ekspert vurğulayıb.

V.Bayramov deyib ki, "Azərbayacn İpoteka Fondu" ASC-nin yaradılması ipoteka kreditlərinin şərtlərinin təkmilləşdirilməsi, gənc ailələrin ipoteka imkanlarından istifadə imkanlarının genişləndirilməsi məqsədi daşıyır.

"Son illər İpoteka Fondundan vəsait alan ailələrin sayının artmasına, 17 mindən artıq ailənin 700 mln. manat ipotekadan faydalanmasına baxmayaraq, ipoteka kreditlərinin şərtləri gənc ailələr üçün əlçatan deyil. Nəzərə alsaq ki, Mərkəzi Bankın son 2-3 ildə hər il ipoteka kreditlərinin şərtlərinin sadələşdirilməsi, qısa zamanda yeni şərtlərin təsdiq ediləcəyi ilə bağlı açıqlamaların yayılmasına baxmayaraq, ipoteka kreditlərinin şərtlərində hər hansı təkmilləşdirmə həyata keçirilməyib. Yalnız sosial ipoteka kreditlərinin maksimal məbləğinin 35 min manatdan 50 min manata qaldırılması ilə bağlı qərar qəbul edilib. Amma faizlər və digər məsələlərlə bağlı addımlar atılmayıb. Bu baxımdan, yeni fərman qaydaların təkmilləşdirilməsinə gənc ailələrin ipoteka imkanlarının genişləndirilməsi, eyni zamanda "Azərbaycan İpoteka Fondu" tərəfindən əmlak bazarına daxil olan ipoteka kreditlərinin həcminin artmasına gətirib çıxaracaq", - deyə V.Bayramov qeyd edib.

Onun sözlərinə görə, eyni zamanda fərmanla Fond uzunmüddətli ipoteka istiqrazlarının yerləşdirilməsini davam etdirəcək: "Bu da təbii olaraq, 5 ildən artıq ipoteka istiqrazlarının yerləşdirilməsi və həmin istiqrazlara dövlət zəmanətinin verilməsinə imkan verəcək ki, İpoteka Fondunun cəlb etdiyi vəsaitlərin həcmini artırmaq mümkün olsun. Bu baxımdan, fərman eyni zamanda "Azərbaycan İpoteka Fondu"nun maliyyə təminatının gücləndirilməsinə imkan verəcək".

Fərmanda nəzərdə tutulan digər önəmli məsələ isə orta bazar qiymətinin müəyyən edilməsi, ipoteka kreditləri verilən zaman qiymətlərin hesablanması ilə bağlıdır. Ekspertin sözlərinə görə, əsas məqsəd ipoteka götürən vətəndaşın hüquqlarının qorunmasını təmin etməkdir. Nəticədə, bazar qiymətinə uyğun mənzillərin ipoteka kreditləşməsinə verilməsi təmin ediləcək.

Ekspert bildirib ki, yeni fərmanın hələlik əmlak bazarına təsir edəcəyi gözlənilmir: "ASC-nin formalaşması zaman tələb edir və güman etmək olar ki, Fondun yeni vəsait cəlb etməsi, şərtlərin yumşaldılması 2016-cı ildə baş tutacaq. İpoteka Fondu 2016-cı ildə ayırdığı kreditlərin həcmini artıra və şərtlərin yumşaldılmasını qısa zamanda tətbiq edə bilərsə, o zaman, 2016-cı ildə əmlak bazarında qiymətlərin mərhələli sadələşməsi, tikinti bazarında müəyyən canlanma yaranacağı istisna edilmir", -deyə iqtisadçı qeyd edib.

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, prezident fərmanı ilə struktur dəyişikliyindən sonra "Azərbaycan İpoteka Fondu"nun daha əlçatan olması, daha çox insanların Fond vasitəsilə mənzil sahibi olması imkanı artır.

"İpoteka Fondu yaradılarkən qarşıya qoyulan əsas məqsədlərdən biri o idi ki, 2011-ci ilin sonu-2012-ci ilin əvvəlindən Fond özünümaliyyələşməyə keçsin. Yəni, əvvəl verdiyi kreditlər hesabına, yığılan vəsait hesabına daha çox kredit verməyi qarşıya məqsəd qoymuşdur. Təəssüf ki, bu məqsədə çata bilmədi, idarəetmədə bəzi problemlərin olması, bank sektoru ilə Fond arasında bəzi problemlərin olması bu məqsədə çatmağa imkan verməyib və hər il dövlət büdcəsindən əlavə vəsaitin ayrılmasına səbəb olub. Bu ildə 200 mln. manat İpoteka Fonduna əlavə vəsait ayrılıb. Bu, çox böyük, Azərbaycanın daşınmaz əmlak bazarında müəyyən rol oynaya biləcək bir məbləğdir. Bu məbləğin daha yaxşı idarə olunması, risklərin daha ciddi idarə olunması və onların geri qaytarılması sürətinin təmin edilməsi daha çox insanların ipoteka kreditinə çıxış imkanı əldə edilməsi üçün struktur dəyişikliyə ehtiyac var", - deyə N.Cəfərli bildirib.

Onun fikrincə, burada daha bir neçə həll olunmalı məsələ qalıb. İpoteka faizlərinin yenidən gözdən keçirilməsinə, daha çox kateqoriyalı şəxslərə sosial ipotekanın verilməsi üçün qanunvericilik bazasında bəzi dəyişikliklərə ehtiyac var: "Kommersiya ipotekası ilə mənzil sahibi olmaq şansı da çox azdır, çünki faizlər yüksəkdir. Ən yaxşı halda 8%-dən başlayır, bəzi hallarda 16%-dək yüksəlir ki, bu da bir çox insanların imkanı xaricindədir".

Müstəqil ekspert Oqtay Haqverdiyev də bildirib ki, "Azərbaycan İpoteka Fondu" ASC-nin yaradılması onun bir çox mənbələrdən maliyyələşməsinə şərait yaradacaq: "Bu, büdcədən də ola bilər, imkanlı şəxslər də ora pul köçürə bilər. İpotekaya ehtiyacı olanların problemi daha müstəqil həll olunacaq. İndiyə qədər büdcədən pul ayrılanda banklarda müəyyən problemlər yaranırdı. Düşünürəm ki, artıq bu problemləri Fond həll edəcək. Nazirlər Kabineti və Mərkəzi Bankın mexanizmlə bağlı açıqlaması olmalıdır. Yəni, müxtəlif sosial qruplara aid olan şəxslər üçün şərtlər də differensial olmalıdır".

O.Haqverdiyev, həmçinin kredit faizlərində də müəyyən azalma olacağını istisna etməyib: "Mən bir dəfə belə bir təklif vermişdim. Yəqin ki, azətminatlı ailələr üçün daha az faizlə, mənzil şəraitini yaxşılaşdırmaq istəyənlərə isə bir qədər yüksək faizlə kredit veriləcək".

Son xəbərlər

Orphus sistemi