​Ekspertlər: Azərbaycanda bank əmanətlərinə qarşı verginin bərpası bazara birmənalı təsir etməyəcək

​Ekspertlər: Azərbaycanda bank əmanətlərinə qarşı verginin bərpası bazara birmənalı təsir etməyəcək Bankirlər bunun ciddi problem yaratmayacağını bildirsə də, digər ekspertlər prosesin əmanətlərin cəlb olunmasına təsir edəcəyini düşünür
Maliyyə
27 Dekabr , 2014 16:11
​Ekspertlər: Azərbaycanda bank əmanətlərinə qarşı verginin bərpası bazara birmənalı təsir etməyəcək

Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycanda 2015-ci ilin əvvəlindən əhalinin bank əmanətləri üzrə hesablanan faiz gəlirlərinə verginin tətbiqi daxili kapital bazarından banklar tərəfindən resurs cəlb etməsinə mənfi təsir göstərəcək. Bu fikri "Report"a Milli Məclisin deputatı Əli Məsimli bildirib: "Bu, bankların yerli resurs cəlb etməsi üçün stimullaşdırıcı tədbir deyil. Əksinə, bu, birbaşa əhalinin banklardakı əmanətlərinə təsir edəcək".

"Gələn il böhran hər bir ölkənin iqtisadiyyatına təsir edəcək. Azərbaycana bunun təsiri az da olsa, qaçılmazdır. Azərbaycana 2015-ci ildə xarici kredit resurslarının cəlb edilməsi çətinləşəcək. Odur ki, yerli resursların cəlb olunmasını artırmaq üçün stimullaşdırıcı tədbirlər nəzərdə tutulmalıdır. Amma fiziki şəxslərin əmanət gəlirlərinə verginin tətbiqi heç də stimulllaşdırıcı tədbir deyil və bunun nəticəsində büdcəyə vergi şəklində ciddi məbləğ cəlb edilməyəcək", - deyə millət vəkili qeyd edib.

"Bank VTB (Azərbaycan)" ASC-dən isə "Report"un bununla bağlı sorğusuna isə buna tam əks olan bir fikir bildirilib: "Fiziki şəxslərin əmanətlərinə qarşı gəlir vergisinin tətbiqi gözlənilməz deyil. Bu məsələ ilə bağlı vergi sisteminə dəyişiklik artıq bir ildir ki, müzakirə olunur. Buna bənzər təcrübə Rusiyada geniş tətbiq edilir. Bu qərar bank passivlərinə ciddi təsir etməyəcək. Öz növbəsində “Bank VTB (Azərbaycan) müştərilərinə bacardığı qədər dəstək olacaq. Məsələn, bank əmanətçilərinin gəlirlərini artırmaq üçün bir sıra maraqlı təkliflər planlaşdırılır”.

Qeyd edək ki, 2015-ci il yanvarın 1-dən Azərbaycanda bank əmanətlərinə hesablanan faiz gəlirlərinə (divident) qarşı gəlir vergisinin yenidən tətbiqi nəzərdə tutulub. İlk dəfə əmanətlərə qarşı 10% dərəcəsi ilə tətbiq olunan bu vergi 1999-cu ildə ləğv edilib. Həmin vaxtdan etibarən hər ilin əvvəlində parlamentin müvafiq qərarı və dövlət başçısının Fərmanı əsasında kommersiya bankları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlər gəlir vergisindən azad olunub. Bu güzəşt müddətli olduğuna və güzəştin uzadılmasına dair yeni qərar hələ də qəbul edilmədiyinə görə, yeni ildən vergitutmanın bərpa olanacağı gözlənilir. "Report"un məlumatına görə, artıq bununla bağlı qanun layihəsi dekabrın 30-da Milli Məclisin bu ilin son iclasında müzakirə olunacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi