Bakı. 25 oktyabr. REPORT.AZ/ Dünyanın fəaliyyətdə olan ən qədim bankı - "Monte dei Paschi di Siena" (İtaliya) gəlirlərini artırmaq məqsədilə 2 600 işçisini ixtisara salmağa və yüzlərlə filialını bağlamağa qərar verib.
"Report"un "Financial Times"a istinadən xəbər verir ki, adıçəkilən bank Avropanın ən problemli bankı hesab edilir. Avropada iyulda həyata keçirdiyi "Tuscan" stress-testinin nəticələri göstərib ki, belə bir addım qarşıdakı 3 il ərzində personal xərclərini 10%, filialların sayını isə 500-dək azaltmağa imkan verəcək.
Qeyd edək ki, "Monte dei Paschi di Siena" bankının gəlirlərin artırılması ilə bağlı açıqladığı plan bankın 6 həftə bundan əvvəl seçilən baş icraçı direktoru Marko Morellinin bankın yenidən kapitallaşması ilə bağlı ilk addımıdır. Yeni ssenariyə görə, bank 2019-cu ilin sonuna qədər xalis gəlirini 1,1 mlrd. avroya, kapitalın rentabelliyini 11%-ə, xərclərin gəlirlərə nisbəti əmsalını isə 55%-ə çatdırmaq nityyətindədir.