Dünyada "problemli şirkətlər"in sayı 7 illik maksimuma çatıb

Dünyada "problemli şirkətlər"in sayı 7 illik maksimuma çatıb Bu siyahının 25%-ni neft-qaz şirkətləri təşkil edir
Maliyyə
3 Sentyabr , 2016 16:29
Dünyada problemli şirkətlərin sayı 7 illik maksimuma çatıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Dünya miqyasında reytinqə malik olan və borcların ödənilməsində çətinliklə üzləşən şirkətlərin sayı 251-ə çataraq 2009-cu ildən sonra ən yüksək həddə yüksəlib. 

"Report"un "S&P Global Ratings"ə istinadən verdiyi xəbərə görə, kredit reytinqi "investisiya edilməz" səviyyəsinin ən aşağı pilləsində yer alan şirkətlərin sayı 2009-cu ilin noyabrında 264 olub. Agentlik qeyd edib ki, həmçinin hazırda bu cür şirkətlərin kredit reytinqlərinin proqnozu "neqativ" olaraq qiymətləndirilib. "S&P"-nin sentyabrın 1-də yayımlanan son hesabatına görə, əsasən enerji şirkətlərindən ibarət olan problemli şirkətlər qrupunun cari məcmu borcu 359 mlrd. ABŞ dollarına bərabərdir.

"S&P"-nin Sabit gəlirli qiymətli kağızlar üzrə araşdırma Departamentinin müdiri Dian Vazzaya (Diane Vazzaya) görə, problemli şirkətlər ən aşağı kredit reytinqi və proqnozuna sahib olmaqla iflas ehtimalları göstəricisi kimi qəbul edilə bilər. Hesabatda "problemli şirkətlər"in "İnvestisiya edilməz" şirkətlər qrupu ilə müqayisədə borclarını ödəməmək ehtimalı 10 dəfə çoxdur. Bu il iflas edən şirkətlərin 71%-nin "problemli şirkətlər" qrupundan olduğu bildirilir.

Sənədə əsasən, 2016-cı il ərzində əmtəə bazarlarında gərginliyin davam etməsi fonunda neft və qaz şirkətləri "problemli şirkətlər" siyahısına 62 şirkət əlavə edərək ümumi şirkət sayının 25%-ni təşkil edib. "S&P" bu siyahını "B-" və ya daha aşağı kredit reytinqi və proqnozu "neqativ" olan şirkətlərdən hazırlayıb. Bu yaxınlarda həmin siyahıya həmçinin "Tesla" şirkəti də əlavə olunub.

Xatırladaq ki, siyahıdakı şirkətlərin sayı 2009-cu ilin aprelində 300-ə çataraq tarixi rekord təşkil edib.

Son xəbərlər

Orphus sistemi