​Dünya iqtisadiyyatı Çindən asılı vəziyyətə düşüb

​Dünya iqtisadiyyatı Çindən asılı vəziyyətə düşüb Çində devalvasiya qaçılmaz görünür
Maliyyə
11 Fevral , 2016 19:57
​Dünya iqtisadiyyatı Çindən asılı vəziyyətə düşüb

Bakı. 11 fevral. REPORT.AZ/ Çin iqtisadiyyatındakı yavaşlama ölkənin bank sektorunu getdikcə çətin vəziyyətə salır. "Report" ABŞ-ın "Hayman Capital Management" investisiya şirkətinin araşdırmalarına istinadən xəbər verir ki, hazırda investorlar Çində baş verən iqtisadi yavaşlamanı xammal qiymətlərinin düşməsinə və ölkədən kapital axını ilə əsaslandırırlar. Amma yaxın aylarda investorlar Çində yaranan böhranlı situasiyanın episentrində bank sisteminin və onun itkilərinin olduğunu görəcəklər. Analitiklər, iqtisadçılar və investorlar itkilərin həcmini hesablayıb Çinin valyuta ehtiyatları ilə müqayisə etdikləri zaman bank sektoru əsas problem olaraq ortaya çıxacaq.

"Hayman Capital Management" bildirir ki, Çin iqtisadiyyatında yavaşlama davam etdikcə problemli kreditlərin həcmi artacaq, bu da öz növbəsində işsizliyin artmasına, kreditləşmənin azalmasına və əmanətçilər tərəfindən panika halında vəsaitlərin banklardan çıxarılmasına səbəb olacaq. Şirkət Çin hökumətinin bu vəziyyətdən çıxması üçün əlində bir neçə preventiv tədbiri olduğunu açıqlayıb.

1) Uçot dərəcələrini aşağı salaraq banklara problemli kreditlərini balanslarında saxlamaq imkanı vermək - bu durumda kapital aşağı faiz səbəbindən xaricə qacmağa başlayacaq, valyuta ehtiyatları azalacaq və yuan zəifləyəcək.

2) Valyuta ehtiyatlarını bankların rekapitalizasiyası üçün istifadə etmək - bu durumda banklar fəaliyyətlərinə "yeni səhifə"dən başlaya bilsələr də, valyuta ehtiyatları tükənəcək. Yuan yenidən təzyiqlərlə üzləşəcək.

3) Bankların rekapitalizasiyası üçün pul çap etmək - bu durumda banklar "yeni səhifə"dən fəaliyyətlərinə başlaya bilsələr də, Çin Xalq Bankının (Çin Mərkəzi Bankı) balansının genişlənməsi valyuta məzənnəsinə neqativ təsir edəcək.

4) İqtisadiyyata fiskal dəstək verilməsi - bu durumda bir çox sektorda canlanma yaransa da, bank faizləri artmağa başlayacaq. Çin investisiyalarının artması xarici ticarət balansının profisitini azaldacaq və yuana təzyiqlər artacaq.

Yuxarıda sadalanan tədbirlərin böyük ehtimalla hər birindən və ya bir neçəsindən eyni anda istifadə ediləcək. Amma tədbirlərin demək olar ki, hamısı yuanın devalvasiyasına gətirib çıxarır. Yuanın devalvasiyası Çin iqtisadiyyatının canlanmasına kömək edəcək. "Hayman Capital Management" hesab edir ki, Çin hökuməti iqtisadiyyatında qeyri-tarazlığı aradan qaldırmaq üçün Yaponiya, Rusiya, Braziliya, Meksika və Avrozona kimi devalvasiyaya getməlidir.

"Report" analitik qrupu hesab edir ki, Çinin devalvasiya addımı onunla sıx ticarət əməkdaşlığı içərisində olan ölkələrin (daha əvvəl milli valyutalarını devalvasiya etmələrinə baxmayaraq) kapital axınının qarşısını almaq və iqtisadiyyatlarını rəqabət qabiliyyətli etmək məqsədilə milli valyutalarını zəiflətmələrinə gətirib çıxaracaq. 

Son xəbərlər

Orphus sistemi