​Dünya Bankı: Yaxın üç ildə qlobal iqtisadi artım 3%-dən aşağı olmayacaq

​Dünya Bankı: Yaxın üç ildə qlobal iqtisadi artım 3%-dən aşağı olmayacaq Proqnoz: Yüksək gəlirli ölkələr bu il 2,2% artıma nail olacaq, ABŞ-ın iqtisadiyyatı isə 3,2% artacaq
Maliyyə
14 Yanvar , 2015 12:20
​Dünya Bankı: Yaxın üç ildə qlobal iqtisadi artım 3%-dən aşağı olmayacaq

Bakı. 14 yanvar. REPORT.AZ/ Ötən il 2,6% artım nümayiş etdirən dünya iqtisadiyyatının 2015-ci ildə 3%, 2016-cı ildə 3,3%, 2017-ci ildə isə 3,2% artacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu məlumatlar Dünya Bankının (DB) açıqladığı yeni qlobal hesabatda yer alıb.

DB Qrupunun prezidenti Cim Yonq Kim (Jim Yong Kim) 2014-cü illə bağlı fikirlərini böluşərkən ötən ili qeyri-müəyyən iqtisadi il adlandırıb və inkişafda olan ölkələrdə sosialyönümlü proqramlara dəstəyin davam etdirilməsinin vacib olduğunu bildirib. C.Y.Kim əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də özəl sektorun inkişafına maneələr yaradıldığını deyib: "Məhz özəl sektorun inkişafı ilə yüz minlərlə yeni iş yeri yaradıla bilər. Bu isə yoxsulluğun aradan qaldırılması deməkdir".

DB hesabatında maliyyə bazarlarında ən aktiv ölkə kimi ABŞ və Böyük Britaniya, lakin bu aktivliyin Yaponiya və Çin kimi Şərq ölkələrindən başladığı qeyd olunub. Məlumata görə, Çində iqtisadi artım 2014-cü ildə 7,4% olub ki, bu rəqəmin 2015-ci ildə 7,1%, 2016-cı ildə 7%, 2017-ci ildə isə 6,9% olacağı proqnozlaşdırılır.

Qurum həm də dünya iqtisadiyyatı üçün yaranan riskləri 4 əsas amillə əlaqələndirir. Birinci amil zəif qlobal ticarət, ikincisi maliyyə bazarlarında iqtisadiyyata təsir edə biləcək qlobal dəyişiklik, üçüncüsü neftin ucuzlaşması ilə əlaqədar neft hasil edən ölkələr arasındakı balansın pozulması və sonuncu amil avro ərazisində və Yaponiyada uzun müddət davam edən deflyasiya hesab olunur.

DB ekspertləri hesab edirlər ki, ölklər qarşısında duran risklər mərhələli şəkildə həll ediləcək: "Yüksək gəlirli ölkələr bu il 2,2% artıma nail olacaq, halbuki həmin rəqəm ötən il 1,8% olub. Bu ölkələrin 2016-2017-ci illərdəki artımı 3,2%-ə çatacaq. ABŞ-ın iqtisadi artımı bu il sürətlənəcək və 3,2% olacaq. Amma 2014-cü ildə bu rəqəm 2,3%-ə bərabər olub. ABŞ-ın iqtisadi inkişafı 2016-cı il üçün 3%, 2017-ci il üçün isə 2,4% səviyyəsində proqnozlaşdırılır. Avrozonada isə vəziyyət ürəkaçan deyil. Uzun müddət davam edən aşağı inflyasiya 1,1%-lik iqtisadi böyüməyə şərait yaradacaq. Halbuki, həmin rəqəm 2014-cü ildə 0,8% olub. Növbəti iki ilin proqnozuna görə, avro ərazisində 2016-2017-ci illərdə iqtisadi artımın 1,6% olması ehtimal edilir. Yaponiyada isə ötən il iqtisadi inkişafın 0,2% olmasına baxmayaraq, həmin rəqəmin bu il 1,2%, 2016-cı ildə isə 1,6% olacağı gözlənilir".

Qlobal ticarətin 2015-ci ildə 7% zəifləyəcəyini proqnozlaşdıran Dünya Bankı həmin rəqəmin 2013-2014-cü illərdə 4% olduğunu deyib: "Neftin qiymətinin ucuzlaşması ortagəlirli ölkələrdən biri kimi Hindistana fayda verəcək. Ötən il 5,6%-lik iqtisadi artım yaşayan Hindistan bu il həmin rəqəmi 6,4%-ə çatdıracaq ki, bu göstərici 2016-2017-ci illərdə 7% olacaq. Braziliya, İndoneziya, Cənubi Afrika və Türkiyə neftin ucuzlaşması və aşağı inflyasiya səbəbindən iqtisadi geriləmə ilə qarşılaşacaq".

DB ixracatı neftdən asılı olan ölkələrdə iqtisadi artımın çox az olacağını deyir: "Misal kimi Rusiyanı göstərmək olar ki, 2015-ci ildə onun iqtisadi artımı 2,9%, növbəti il isə 0,1% olacağı ehtimal edilir".

Bankın analitikləri hesab edirlər ki, ortagəlirli ölkələrə nisbətən aşağı gəlirli ölkələrdə həyata keçirilən investisiyalar, xidmət sahələrinin əhəmiyyətli dərəcədə genişlənməsi, əhəmiyyətli kapital axını onların 2015-2017-ci illərdə 6%-lik iqtisadi artıma sahib olacağını göstərir.

Son xəbərlər

Orphus sistemi