​Dünya Bankı Azərbaycanla gələcək tərəfdaşlıq planını açıqlayıb

​Dünya Bankı Azərbaycanla gələcək tərəfdaşlıq planını açıqlayıb Proqramda dövlət resurslarının idarə olunması, dövlət aktivlərinin keyfiyyətinin yüksəldilməsi nəzərdə tutulub
Maliyyə
22 İyul , 2015 11:53
​Dünya Bankı Azərbaycanla gələcək tərəfdaşlıq planını açıqlayıb

Bakı. 22 iyul. REPORT.AZ/ Dünya Bankının İcraçı Direktorlar Şurası 2015-2020-ci illər arasında Azərbaycanla tərəfdaşlıq planını təsdiq edib.

"Report" xəbər verir ki, plana əsasən Dünya Bankı qrupuna daxil olan Beynəlxalq İnkişaf və Yenidənqurma Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və Çoxtərəfli İnvestisiya Zəmanət Agentliyi ilə 5 illik bərabər əməkdaşlıq nəzərdə tutulub. Planda Azərbaycanda özəl sektora əsaslanan bir sabit inkişaf modelinə dəstək verilməsi əsas prioritet təşkil edib.

Layihədə Azərbaycan üçün Sistematik Ölkə Diaqnostikasına əsaslanan, Dünya Bankının ölkədəki iqtisadi şərtlərin təhlilinə, qısa və uzun müddətdə ölkədə baş verə biləcək iqtisadi və maliyyə sahəsində dəyişikliklərə görə formalaşan bir dəstək planından söz açılıb.

Bu proqram Dünya Bankının qlobal arenada hədəflədiyi "yoxsulluğun azaldılması və ümumi rifahın artırılması" prinsiplərinə əsaslanaraq Azərbaycanla qarşılıqlı razılaşdırılmış bir layihə olacaq.

İclasda Azərbaycanın son 10 il ərzində əldə etdiyi nailiyyətlər, xüsusilə də yoxsulluğun azaldılması və milli rifahın yüksəldilməsi qeyd olunub. Yoxsulluq 2000-ci illərdə mövcud 50%-dən 2013-cü il etibarilə 5%-ə qədər azaldılıb, orta sinif eyni zaman intervalında 4%-dən 29%-ə qədər artıb. Bu nailiyyətlər iqtisadi artımın orta hesabla 13% illik artımı və neft qiymətlərinin artması səbəbindən dövlət xərclərinin önəmli ölçüdə artması nəticəsində baş verib. Hazırda isə Azərbaycan dünya bazarlarında neft qiymətlərinin azalması fonunda yeni, özəl sektorun inkişafına əsaslanan inkişaf modeli axtarışındadır.

Dünya Bankı Qrupunun Regional direktoru Henri Kerali isə bildirib ki, Dünya Bankı Qrupunun Azərbaycanla yeni əməkdaşlığı Azərbaycan üçün çətin iqtisadi dövrə təsadüf edir: "Dünya iqtisadiyyatının qeyri-sabit vəziyyətində bizim layihəmiz Azərbaycanın dövlət xərclərinin effektivliyini artırması və yeni inkişaf modelinin həyata keçirilməsi prioritetlərinə dəstək verəcək. Nəticədə bizim proqram Azərbaycanın xarici şoklara qarşı immunitetini artıracaq".

İclasda təsdiq olunan proqramın əsasən 2 sahədə: dövlət sektorunun idarə olunması və 8 əsas hədəfi olan iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə xidmət edilməsində önəmli rol oynayacağı bildirilib.

İlkin olaraq proqramda dövlət resurslarının idarə olunması, dövlət xidmətlərinin təqdimatı və dövlətin aktivlərinin keyfiyyətinin yüksəldilməsi nəzərdə tutulub.

İkinci mərhələdə isə Dünya Bankı Qrupu infrastruktur layihələrin keyfiyyətinə dəstək, ölkənin maliyyə inteqrasiyasını artırmaq, bununla da özəl sektorun yükünü azaltmaq, həmçinin kənd təsərrüfatlarına dəstəyin artırılması planlaşdırılıb.

Proqramın müvəffəqiyyəti investisiyaların kreditləşməsi və texniki yardım nəticəsində bir sıra cari əməliyyatların həyata keçirilməsi ilə mümkün olacaq. Dünya Bankı Qrupunun layihələri maliyyələşdirməsi və hökumətin meydana gələn ehtiyaclarını zamanında ödəməsi qrupun konsultasiya-analitik işlərinə əsaslanacaq.

Proqramın əsas vəzifəsi ixrac yönümlü iqtisadi sektorlara dəstək verilməsi, real sektorun investisiya və konsultasiya baxımından imkanlarının araşdırılması və iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılması olacaq.

Dünya Bankı Qrupunun Cənubi Qafqaz üzrə regional meneceri Yan van Bilzen iclasda qeyd edib ki, "Biz Azərbaycanda özəl sektorun inkişaf etdirilməsinə kömək edəcəyik və bu da işsizliyin azaldılmasına gətirib çıxaracaq. Beynəlxalq Maliyyə Korporasiyası maliyyə sektorunun investisiya və konsultasiyasında önəmli tərəfdaş olacaq və yerli şirkətlərin maliyyə resursları ilə təminatına yardım edəcək. Əsas vəzifəmiz dövlət-özəl sektor münasibətləri mexanizmini daha da effektiv etmək olacaq.

Qeyd edək ki, Azərbaycan Dünya Bankına 1992-ci ildə, Beynəlxalq Maliyyə Korporasiyasına(BMK) isə 1995-ci ildə qoşulub. Son 20 ildə Dünya Bankının Azərbaycanda 55 layihədə 3 mlrd . dollarlıq investisiyası olub. Hazırda isə Dünya Bankı 16 layihə və 2 mlrd.dollar investisiyaya sahibdir. BMK-nın isə 54 uzun müddətli layihədə 365 mln.dollarlıq investisiyası mövcuddur. BMK əlavə olaraq Azərbaycanda 77 mln.dollar həcmində ticari kreditləşmə həyata keçirib.

Son xəbərlər

Orphus sistemi