​Dövlət Neft Fondunun investisiya siyasəti ilin əvvəlindən Azərbaycana 1,5 mlrd. dollar zərər yetirib

​Dövlət Neft Fondunun investisiya siyasəti ilin əvvəlindən Azərbaycana 1,5 mlrd. dollar zərər yetirib ARDNF-in avro, funt sterlinq və lirədə olan aktivləri xeyli ucuzlaşıb
Maliyyə
21 Aprel , 2015 16:58
​Dövlət Neft Fondunun investisiya siyasəti ilin əvvəlindən Azərbaycana 1,5 mlrd. dollar zərər yetirib

Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) avro aktivləri 2015-ci ilin əvvəlindən dollar ekvivalentində 10%-dən çox ucuzlaşıb. Fondun investisiya portfelində bu ilin əvvəlində 33,9% paya malik olan bu aktivlər 10,25 mlrd. avro təşkil edib. Əgər yanvarın əvvəlində dollar/avro məzənnəsi 1,21 USD/EUR-a bərabər idisə, hazırda məzənnə 1,07 USD/EUR-a düşüb. Nəticədə ARDNF avroda təxminən 1,437 mlrd. dollar itirib.

"Report"un analitik qrupu xəbər verir ki, 2015-ci ilin əvvəlinə Dövlət Neft Fondunun məcmu aktivləri 37,148 mlrd. dollar təşkil edib. Bunun 54,1%-i dollar, 33,9%-i avro aktivləri, qalanı isə Britaniya funt sterlinqi, Avstraliya dolları, Türkiyə lirəsi, Rusiya rublu, Koreya vonu və qızıla investisiya yatırılıb. Digər valyuta və qızıl cəmi aktivlərin 12%-nə (4,46 mlrd. dollar) bərabərdir.

Qeyd edək ki, funt sterlinq ümumi aktivlərin 4,8%-ni təşkil edir. Britaniya valyutasının bu il dollara qarşı 4,5% ucuzlaşdığını nəzərə alsaq, görərik ki, ARDNF-in bu valyutada sərmayələri 81 mln. dollar dəyərdən düşüb.

Türkiyə lirəsi ümumi aktivlərin 1,2%-ni təşkil edir. Türkiyə lirəsi dollara nəzərən ilin əvvəlindən 15,6% zəiflədiyinə görə Fondun müvafiq aktivləri də 58 mln. dollar ucuzlaşıb.

Bununla yanaşı, bu il 7% bahalaşan Rusiya rublunda olan ARDNF bu aktivlər üzrə 33,5 mln. dollar qazanc əldə edib.

Digər valyutalarda olan aktivlər üzrə isə ciddi dəyişiklik müşahidə olunmayıb.

Eyni zamanda, Fondun qızıl ehtiyatları ümumi rezervlərin 3,1%-nə bərabərdir ki, dünya bazarında bu məhsulun cari ildə 1% bahalaşması nəticəsində qızıl aktivləri üzrə 11 mln. dollar mənfəət əldə olunub.

"Report"un analitik qrupu vurğulayır ki, ABŞ valyutasının əksər xarici valyutalara qarşı möhkəmlənməsi nəticəsində ARDNF-in məcmu aktivləri bu ilin əvvəlinə nisbətən 1,531 mlrd. dollar geriləyib.

Bununla yanaşı, ABŞ dollarında olan aktivlər milli valyutanın devalvasiyası səbəbindən manat ifadəsində bahalaşıb. Bu, ARDNF-in büdcəyə transfertlərində vəsaitlərə əhəmiyyətli qənaət etməyə imkan verəcək. 

Son xəbərlər

Orphus sistemi