Yeni buraxılan istiqrazların bank depozitləri qarşısında üstünlükləri - ŞƏRH

Yeni buraxılan istiqrazların bank depozitləri qarşısında üstünlükləri - ŞƏRH "Report" agentliyi manat istiqrazları üçün dolların optimal məzənnəsini hesablayıb
Maliyyə
27 Yanvar , 2016 14:40
Yeni buraxılan istiqrazların bank depozitləri qarşısında üstünlükləri - ŞƏRH

Bakı. 27 yanvar. REPORT.AZ/ "Azərbaycanda sərbəst vəsaitlərini bank əmanətlərinə alternativ alətlərə investisiya etmək istəyən vətəndaşlara dövlət qiymətli kağızlarının (DQK) mahiyyəti ətraflı izah edilməlidir". "Report"un analitik qrupunun ekspertləri bu qənaətə gəliblər.

"Yerli investorlar öncə korporativ və dövlət qiymətli kağızlarının fərqini bilməlidir, daha sonra isə DQK ilə depozitin fərqini başa düşməlidir: niyə depozit əvəzinə DQK-ya üstünlük verilməlidir? Yəni, depozit müqaviləsi müddətindən əvvəl pozulduqda investor qazancını itirdiyi halda, DQK-ni istənilən vaxt fond birjasında satışa çıxarmaq və hər ötən gün üçün dəqiq və itkisiz qazanc götürmək mümkündür. Başqa sözlə, DQK dividendi gündəlik hesablanan sərfəli maliyyə alətidir", - deyə Agentliyin analitikləri bildirib.

Analitik qrupu apardığı hesablamalara əsasən, 100 AZN dəyərində 1 il müddətinə alınan DQK 12%-lik illik gəlirliklə müddətin sonunda investora 12 AZN qazandırır. Lakin investor qiymətli kağızı, məsələn, 69 gün sonra satmaq istəsə, bu zaman fond birjasında istiqrazların təkrar bazarında bu qiymətli kağızı 2,27 AZN qazancla (12/365x69) sata bilər. Analoji məbləğdə vəsait bank depozitinə yatırılarsa, bu qazanc tam itir və ya çox cüzi (bir çox banklarda - illik 0,25%) olacaq.

Təbii ki, inkişaf etmiş və ya etməkdə olan ölkələrin maliyyə bazarlarından fərqli olaraq, Azərbaycanda faiz həddində gündəlik dəyişikliyin olması hələ gözlənilmir. Bu dəyişiklik çox zaman ölkədə uçot dərəcəsinin səviyyəsindən, iqtisadi konyunkturadan, valyuta məzənnəsindəki dəyişiklikdən və inflyasiyadan asılı olur. Bunun üçün maliyyə bazarının effektivliyi təmin edilməlidir. Qeyd edək ki, hazırda tam effektiv bazarlar ABŞ, Almaniya, İngiltər, Yaponiya və s. inkişaf etmiş ölkələrdə var. Türkiyə, Braziliya, Meksika, C.Afrika, İndoneziya və s. ölkələr isə yarı effektiv bazarlara aid edilir.

Bundan başqa, istiqrazların alınmasında inflyasiya amili da mühüm rol oynayacaq. Hətta Azərbaycan iqtisadi mühitində təsiredici amillərin sırasına manatın məzənnəsinin dəyişməsi də aid oluna bilər. Yəni investorlar dollar və manat istiqrazları arasında seçim edərkən, mümkün itkiləri minimallaşdırmaq üçün bu amilə də xüsusi diqqət yetirəcəklər. Qeyd etmək lazımdır ki, dollarla yeni tədavülə çıxacaq istiqrazlar və ya valyutadakı bank depozitləri illik təxminən 3% gəlir gətirir. Bu zaman, 100 USD vəsaiti olan investor il ərzində valyuta istiqrazından 3 USD qazana bilər. O, bu pulu hazırkı məzənnə ilə (1,60 AZN/USD) manata konvertasiya edərək (160 AZN) həmin məbləğdə manat istiqrazı alarsa, bu vəsait 12%-lik dividend (19,2 AZN) qazandıracaq.

"Bu zaman AZN/USD məzənnəsinin hansı səviyyədə olacağı halda investor üçün manatda və ya dollarda istiqraz almağın heç bir fərqi olmayacağı, USD ekvivalentində eyni qazanc gətirəcəyi məzənnəni tapmalıyıq. Bu, 174 AZN/USD-yə (179,2/103) bərabərdir. Yəni, investor ilin sonunda dolların məzənnəsi ölkədə 1,74 AZN/USD səviyyəsindən yuxarı olacağı təqdirdə zərər, aşağı olduqda isə real mənfəət əldə edir. Başqa sözlə, manatla emissiyası planlaşdırılan dövlət istiqrazlarının alınması üçün 2016-cı ilin sonunadək dolların məzənnəsi 1,74 artıq olmamalıdır", - deyə "Report"un analitikləri qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi