Deputat: "Azərbaycan mayda dövlət büdcəsinə yenidən baxa bilər"

Deputat: "Azərbaycan mayda dövlət büdcəsinə yenidən baxa bilər" Proqnoz: Neftin qiyməti 60 dollar səviyyəsində qalarsa, Azərbaycan bu il 1 mlrd. dollar itirəcək
Maliyyə
6 Yanvar , 2015 17:14
Deputat: Azərbaycan mayda dövlət büdcəsinə yenidən baxa bilər

Bakı. 6 yanvar. REPORT.AZ/ Dünya bazarında neftin qiyməti 60 dollar/barel səviyyəsində qalarsa, 2015-ci ilin may ayında Azərbaycanın dövlət büdcəsi yenidən nəzərdən keçirilə bilər. Bu barədə "Report"a Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov neftin son aylar kəskin ucuzlaşması prosesinin ölkə iqtisadiyyatına təsirini şərh edərkən bildirib.

"Bu məsələ dünya bazarında neftin qiymətinin düşməsinin həm neft ixracı, həm də Azərbaycanın dövlət büdcəsi üçün müəyyən problemlərin yarada biləcəyi nəzərə alınaraq yalnız parlament komitəsinin iclasında deyil, eləcə də plenar iclas zamanı müzakirə olunub", - deyə deputat qeyd edib.

V.Əhmədov xatırladıb ki, 2015-ci il üçün dövlət büdcəsinin hesablanması neftin 90 dollar/barel baza qiyməti əsasında həyata keçirilib.

Millət vəkili vurğulayıb ki, Milli Məclisin iclası zamanı daha aşağı qiymət nəzərə alınaraq dövlət büdcəsinin yenidən nəzərdən keçirilməsi haqqında təklif irəli sürülüb: "Bizə bildiriblər ki, neftin qiymətinin düşməsi halında hökumətin yeni variantları mövcuddur".

"Neftin qiymətinin düşməsi ciddi problem yaratmamalıdır. Lakin qiymət 60 dollar/barel səviyyəsində qalarsa, hesab edirəm ki, bu, həm dövlət büdcəsinin, həm də Dövlət Neft Fondunun gəlirlərinə müəyyən problemlər yarada bilər. Əgər bu tendensiya davam edərsə, may ayında dövlət büdcəsi yenidən nəzərdən keçirilə bilər", - deyə V.Əhmədov bildirib. 

Deputat əlavə edib ki, neftin qiymətinin düşməsi ilə əlaqədar bir sıra layihələrin həyata keçirilməsi üçün Neft Fondundan müvafiq vəsait ayrılır: "Ona görə də düşünürəm ki, ciddi problem yaranmayacaq". 

Onun sözlərinə görə, cari proseslər göstərir ki, neftin qiymətinin düşməsi tendensiyası davam edəcək: "Biz qiymətlərin ciddi artacağını gözləmirik. Hesab edirəm ki, ilin ikinci yarısında neftin qiyməti 80 dollar/barelə qədər artacaq, bu da neft ixrac edən ölkələr üçün çox əlverişlidir. Əgər 2015-ci ilin sonuna qədər neftin qiyməti 60 dollar/barel səviyyəsində qalarsa, Azərbaycanın zərəri 1 mlrd. dollardan artıq olacaq".

Son xəbərlər

Orphus sistemi